Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Dünyada yeganə tam görmə məhdudiyyətli aktrisa: "Teatr olmasaydı, yaşaya bilməzdim"
Ömrünün böyük qismini yataqda keçirən, ağır xəstəliklə mübarizə aparan rusiyalı yazıçı Nikolay Ostrovski "Polad necə bərkidi" avtobioqrafik romanında qəhrəmanın dilindən yazır: "Əgər kədər və sentimentallıq kimi insani hisslərdən birini lap azacıq yaxına buraxsaydım, mənim üçün hər şey mütləq faciə ilə nəticələnəcəkdi". Yəni bu, bir növ, mübarizəyə çağırışdır. İzahı isə belədir: mübarizənin hər zaman bir nəticəsi olmalıdır və olur.
Mənim qəhrəmanım da əsl həyat mübarizlərindəndir. Dünyanın bütün rənglərindən məhrum, sadəcə, qaranlıqla və özü ilə baş-başa qalmış biri. Ya da başqa cür tərif versək, müəyyən fiziki məhdudiyyətli adamlar üçün mübarizlik simvolu - tamamilə görmə qabiliyyətini itirməyinə baxmayaraq, səhnəni fəth edən qadın...
"Report" dünyada yeganə tam görmə məhdudiyyətli aktrisa, ƏSA teatrının əməkdaşı Günay Məmmədova ilə müsahibəni təqdim edir:
- Günay xanım, qaranlığa qalib gəlmək necə bir hissdir? Mən sizi, birinci növbədə, qaranlığa qalib gəlmiş adam kimi qəbul edirəm.
- Bəli, mən özüm də belə hesab edirəm. Çünki bu qədər çətinliyə qalib gəlmişəmsə, deməli, qaranlığa da qalib gəlmişəm. Həm də bu ona görə lazım idi ki, mənim qalib gəlməkdən başqa yolum qalmamışdı.
- Çin fəlsəfəsində belə bir fikir var: qaranlığa üsyan etməkdənsə, bir şam yandırmaq lazımdır. Amma sizi qaranlıqdan nə üsyan qurtara bilərdi, nə də şam. Bəs nə baş verdi?
- Mən öz qaranlığımda işıq yandıra bilmədim, amma daha yaxşısını bacardım, həyatımı tamamilə işığa boyadım. Doğrudur, bu, elə də asan olmadı. Adam heç bir şeydən məhrum olmadığı halda belə, müəyyən bir addım atanda o yolda yıxıla da bilər, maneələrlə qarşılaşa da bilər. Bir də mənim vəziyyətimi düşünün. Bu proses qaranlığın içində yaşayan biri üçün çox çətindir. Özünüzü mənim yerimə qoyun, düşünün, hər yer qaranlıqdır. Yəni ətrafınızda heç nə yoxdur... Bayaq buranı mənə təsvir edəndə dediniz ki, foyedəyik, kənarda fortepiano var, divarda rəsmlər... Bütün bunları mən yalnız təsəvvür edirəm, görmürəm...
Mənəvi cəhətdən zəif insanlar çətinlikdən qorxurlar. Məndə belə olmayıb. Mən düşünmüşəm: Günay, sən bu addımı atırsansa, bil ki, geridönüş yoxdur, qorxmamalısan. Vəssalam!
- Ümumiyyətlə, sizin üçün əsas motivasiya mənbəyi nədir?
- Mən buna motivasiya deməzdim. Bu, sadəcə, həyata olan, yaşamağa, Allaha olan sevgidir. Mənim övladım var, birinci onu düşünürəm, çünki mən bir anayam. Mənim ailəm varsa, deməli, müəyyən öhdəliklərim var. Bunlar hamısı mənim çiynimdədir, bunların öhdəsindən kim gəlməlidir? Mən! Bu, reallıqdır və bunun heç bir motivasiyaya ehtiyacı yoxdur. Bunlar mənim həyatımın önəmli parçasıdır və mən həm onlara, həm də cəmiyyətə sübut etməli idim ki, tam görməyən insan belə, adi adamlardan daha yaxşı nələrəsə nail ola bilər və etdim. Bəli, elə işlər var ki, onları dünyada edə bilən tək adam mənəm. Bunlara mən bir anda, bir gündə nail olmamışam. Bunun üçün çox ağır günlərdən keçmişəm.
- Sizin üçün həssas mövzu olsa da, bir az da elə o ağır günlərdən danışaq. Necə baş verdi? Necə öyrəşdiniz?
- Artıq alışmışam. Bu barədə danışanda o qədər də təsir etmir. Yanvarın 10-da düz 10 il tamam oldu ki, mən tamamilə görmə məhdudiyyətliyəm. Bir səhər oyandım və dünya tamamilə qaranlıq oldu.
- Deməli, bunun olacağını bilirdiniz.
- Bəli, mən bunun olacağını bilirdim və ona doğru gedirdim. Özü də həmin gecə yuxuda paracüdoçumuz İlham Zəkiyevi görmüşdüm. O yuxunun səhəri görmə qabiliyyətimi tamam itirdim. 2014-cü ilin avqust ayından artıq telefona gələn mesajları oxuya bilmirdim, ən böyük şriftə qoymuşdum, amma görmürdüm. Bax o zamandan artıq özümü hazırlaşdırmağa başladım. Başa düşdüm ki... (bir qədər dayanır) çətin və ağır bir yol gəlir qarşıdan...
- Bəs özünüzü necə hazırlaşdırdınız? Bu elə bir şeydir ki, yəni insanın öyrəşməyi...
- Əlbəttə, bu, xeyli zaman aldı, birdən-birə olmadı. Sözsüz, mən depressiyaya da düşdüm, yuxusuz gecələrim oldu, səhərə qədər ağladığım oldu... Düşünürdüm ki, mən nə edəcəyəm? Mən necə yaşayacağam? Təsəvvür edin, bir səhər oyanırsan və artıq heç nə. Bir də düşünün ki, gözlərinin tutulacağını biləsən. Artıq 27-28 yaşımda sol gözümün görmə qabiliyyəti itmişdi. 37 yaşıma keçəndə isə artıq bildim ki, bu biri gözüm də tutulacaq. Elə o ərəfədə 2014-cü ildə anamı itirdim, evdə yaşlı atam, həyat yoldaşım və körpə qızım. Başa düşdüm ki, mənə özümdən başqa heç kim və heç nə kömək edə bilməyəcək. Ayağa durmağa, mübarizə aparmağa məcburam.
- Əvvəlcədən gözlərinizin tutulacağını bilirdiniz. Onda belə çıxır ki, sizdə genetikdir?
- Yox, genetik deyil, sadəcə, ana bətnində bir xəstəlik yaranıb, nəticədə görmə sinirim zədələnib. Bizim ailədə, maşallah, hamı sapsağlamdır. (gülür) Anamı itirəndən sonra 100 faiz başa düşdüm ki, digər gözüm də tutulacaq. Öyrəşməkdən ötrü görən gözümü də şal vasitəsilə bağlayıb özümü tamamilə görmə məhdudiyyətli həyata öyrətməyə başladım. Dediyim kimi, mənim ailəm vardı, qızımı böyütməli idim. Dəniz quldurları olur e (əli ilə gözünün birini tutub gülərək davam edir), bax o cür... Bütün məişət işlərini bu formada görməyə başladım. Mətbəxdə soyuq su daim açıq qalırdı. Çünki əlimi tez-tez yandırırdım, soyuq su dadıma çatırdı...
- Və öyrəşdiniz...
- Yox. Bu, daha çox alışmaqdır. Bəlkə də, eyni mənanı verir, amma mənim ürəyimə daha çox bu söz yatır. Alışdım. Materialları əlimlə hiss etməyə, ayırmağa başladım, evdəki əşyaları əlimlə seçməyə özümü öyrəşdirdim. Yəni artıq hər şeyi əllərim vasitəsilə hiss etməyə öyrəşdirdim özümü.
- Deyirsiniz ki, bir səhər oyandınız və vəssalam, dünya qaranlıqdır. Bax o gündən öncəki günü necə xatırlayırsınız?
- Bu hadisədən tam bir həftə əvvəl... (bir qədər dayanır, nəyisə düşünür, sanki özü ilə götür qoy-edir) ən çox sevdiyim filmlərə baxmağa başladım. (Kövrəlir, səsi titrəyir, məcbur söhbətimizə ara veririk...)
..."Moskva göz yaşlarına inanmır" (Sovet bədii filmi, rejissor: Vladimir Menşov - red.) filminə baxdım. O filmdə "Katya"nın həyatını çox sevirəm, hətta o obrazın həyatını öz həyatımla eyniləşdirirəm. Rusiyada müalicə məqsədilə hansısa bir klinikada olanda adımı çağıra bilmirdilər, deyirdim, mənə "Katya" deyin, sadəcə, "Katya". (gülür)
Daha sonra "Malena"nı (İtalyan bədii filmi, rejissor: Cüzeppe Tornatore - red.) çox sevirəm. Başqa-başqa filmlərə davamlı baxırdım, indi adları yadıma düşmür. Toyumuza baxdım. Toy şəkillərimizə, qızımın şəkillərinə... Hamısını bacardıqca yaddaşıma köçürdüm.
- Bəs indi o filmləri xatırlaya bilirsiniz?
- Əlbəttə! Hamısını xatırlayıram. Hətta oradakı obrazların cizgiləri ən xırda detalına kimi gözümün qabağındadır.
Bu vaxt həmsöhbət olduğumuz məkanda - Rus Dram Teatrında hansısa tamaşanın məşqi başlayır. Məşq prosesini eşidən Günay xanım səsə qulaq kəsilir, dərin bir ah çəkərək:
- Məşq edirlər... Bilirsən, teatr mənim ikinci həyatımdır, mən ikinci dəfə doğulmuşam. Həyatda mənə yaşamağa güc verən, stimul olan, ayaqda saxlayan ən böyük nəsnədir teatr.
- Yaxşı, bəs teatra gəlməyiniz öz ideyanızmı oldu?
- Yox, yox! Bir məsəl var - yatsam, yuxuma girməzdi, bax belə. Hətta Nostradamus gəlib desəydi ki, mən nə vaxtsa aktrisa kimi səhnəyə çıxacağam, inanmazdım. Amma oldu. Mən yenidən doğuldum, teatr olmasaydı, bəlkə də, yaşaya bilməzdim. Mən illərlə səhnəyə çıxmağımı ailəmdən gizlətmişəm. Anam sağ olsaydı, qətiyyən qoymazdı, hətta bilsəydi, bu mənim üçün ən vacib amildir, yenə də qoymazdı. Qətiyyən! Əvvəllər müsahibə verəndə gecə-gündüz dua edirdim ki, inşallah, evdəkilər görməzlər... (gülür) Çünki evdə heç kəsin xəbəri yox idi.
- Amma indi qəbul edirlər.
- Və fəxr edirlər. Onlar da artıq başa düşüblər ki, mən bu yolda nə qədər əzab çəkmişəm, çətinliklər keçmişəm, amma istədiklərimin müəyyən qisminə nail olmuşam.
Mənim teatra gəlişim tamamilə təsadüf oldu. Xalam qızı bir gün dedi ki, Bakıda ƏSA adlı teatr açılıb və orada əlilliyi olan kollektiv var, nəsə maraqlı layihədir, maraqlanmaq lazımdır. Ağlıma gəldi ki, ixtisasca hüquqşünasam, bu istiqamətdə orada, yəqin ki, nəsə iş tapa bilərəm. Buna qədər kompüteri səsli proqramla işlətməyi, Brayl əlifbasını öyrənmişdim. Teatrın yaradıcısı Nihad Qulamzadəyə yazdıq. 2017-ci ildə telekanallardan biri məni verilişə çəkmişdi, o verilişin linkini də göndərdik. Sonra yekunda bir cümlə yazdıq ki, mesajla "yox" cavabı verməyin, dəvət edin, üzümə "yox" deyin. Çünki bunadək o qədər "yox" cavabı almışdım ki, çox ümidsizləşmişdim.
O zaman görmə məhdudiyyətli adam üçün iş tapmaq mümkün deyildi. 20 gün sonra Nihad bəy məni dəvət elədi. Həyat yoldaşıma dedim ki, "yox" cavabını üzümə demək üçün dəvət edirlər, çünki onlardan bunu xahiş etmişdim. Yığışıb ailəlikcə getdik. Həyat yoldaşım maşında gözləyirdi. Xalam qızı ilə Nihad bəylə görüşdük. Bu görüş mənim həyatımın dönüş nöqtəsi oldu. Gözləmədiyim halda Nihad bəy dedi ki, siz bizə işlə bağlı müraciət etmisiniz, indi isə biz sizə müraciət edirik: Günay xanım, bizimlə çalışarsınız? Donub qaldım. İndiyə qədər o hiss-həyəcanı olduğu kimi xatırlayıram, indi də danışanda özümü qəribə hiss edirəm. Əlimdə stəkan vardı, onu qoydum yerə. Dedim, necə yəni? Nə iş? Necə iş? Dedi ki, verilişə baxdıq, mən hesab edirəm ki, bizdə hazırda məşqləri davam edən Con Steynbekin "Siçanlar və adamlar" əsərində "Klara" obrazını siz oynaya bilərsiniz. O obraz heç vaxt səhnədə görünməyib, amma mən o obraz üçün monoloq yazacağam və sizi aktrisa kimi səhnəyə çıxaracağıq.
Söz tapa bilmirdim deməyə. Necə həyəcan keçirdiyimi, necə xoşbəxt olduğumu ifadə edə bilmirəm. Bundan əlavə, bir də düşünürəm ki, maşında məni gözləyən həyat yoldaşıma nə deyəcəyəm? Ona necə izah edəcəyəm? Çünki mən ona səhnəyə çıxmaq barəsində heç vaxt heç nə deməmişəm. Xülasə, Nihad bəylə razılaşdıq və xoşbəxtlikdən, xalam qızının dəstəyi ilə həyat yoldaşımı da razı saldıq.
- Bəs atanız?
- O dərhal razılaşdı. Amma həyat yoldaşım onu da dedi ki, "get, onsuz da, uğursuz olacaqsan, sən hara, səhnə hara..."
- Yaxşı stimul verib. Bir az da inada düşmüşünüz.
(Günay xanım bir xeyli gülür...)
- Əslində, inad demək olmaz, amma özümü sübut etməyə ehtiyacım var idi. Mənə heç cür çatmırdı ki, görməyən bir adam səhnəyə necə çıxa bilər? Evdə bir otaqdan o biri otağa keçməyi illərdir məşq edirəm, bəs teatr? Bəs səhnə? Demək ki, bunun da yolu var imiş. Sağ olsun Nihad bəy, hamısını öyrətdi və mən hazırda nəinki Azərbaycanda, dünyada tam görmə məhdudiyyətli yeganə aktrisayam. Bu yaxınlarda amerikalı teatrşünas gəlmişdi, o qonaq da təsdiqlədi ki, bəli, mən dünyada sırf bu kontekstdə təkəm.
- "Klara" obrazında səhnəyə ilk dəfə çıxmağınızı necə xatırlayırsınız?
- "Klara" psixoloji olaraq çox çətin obrazdır. Özü heç vaxt ana olmayıb və götürüb saxladığı uşaq da fiziki məhdudiyyətli biridir. O uşağı körpəliyindən saxlayır, müəyyən yaşa çatdırır və dünyadan köçəndə isə hətta ondan nigaran qalır. Çünki bir növ missiyası yarımçıq qalır. Çox ağır obrazdır. Bax mən indi danışıram, özümü yenə qəribə hiss edirəm. Məndən nə vaxt soruşsalar, ən yaxşı obrazım, mütləqdir ki, o "Klara"dır. Mən "Klara"dan başqa kimlər olmuşam: "Simona", yaxud "Şəhid anası", hətta "Erməni qadın". Tamaşaçılar bəzən Nihad bəyə deyirlər ki, o xanım görür, sadəcə, bizi aldadır.
"Klara"nı ilk dəfə oynayan günü anşlaq idi. Həyat yoldaşım deyir ki, məndən arxada əyləşən qonaqlar bir-biri ilə söhbət edirmişlər ki, bu xanımı, yəqin, hansısa teatrdan dəvət ediblər. Bununla Nihad bəy üçün də, bir növ, arxayınlıq oldu ki, o yanılmayıb, mən bunun öhdəsindən gələ bildim. Bu rol həyat yoldaşımın da fikrini kökündən dəyişdi, bacarığıma inandı.
- Gəlib baxır tamaşalarınıza?
- Təbii ki. O da, atam da, qızım da.
- Səhv etmirəmsə, qızınız da ixtisas olaraq aktrisalığı seçib.
- Bəli, Mədəniyyət və İncəsənət Universitetinə qəbul olub.
- Necə düşünürsünüz, sizin bu fövqəladə səhnə həyatınızın onun seçiminə təsiri olubmu?
- Əlbəttə. Təsəvvür edin, 10 yaşından mənimlə bərabər səhnədə, kulisdə, məşqlərdə olub. Gecə gözünü açırdı ki, anası məşq edir. Mətbəxdə "Klara" danışır. Qonaq otağında "Simona"...
- Günay xanım, bəs ssenarinin sözlərini necə öyrənirsiniz?
- Qızım oxuyur mənim üçün. Bütün tamaşalarımın sözlərini diktofona yazır, mən də qulaq asıram. Tək mənim rolumu yox, ümumi tamaşa mətnini. Mən onu dinləyirəm və yadımda qalır. Yəni bir növ qızım mənim görən gözümdür.
- Vizual olaraq, qızınızı neçə yaşında xatırlayırsınız?
- On yaşında.
- Təxəyyülünüz onun indiki halını təsəvvür eləməyə imkan vermir?
- Yox. Mümkün deyil. Heç cür olmur. Deyirlər, qızım mənə oxşayır. (Bir qədər ara verib gülümsəyir, adama elə gəlir, səssiz-səssiz qızını oxşayır) Onu 10 yaşına qədər necə görmüşəmsə, beynimə o cür həkk olunub. Üzünə, gözünə toxunuram, saçını oxşayıram, bütün bunlar beynimdə müəyyən təsəvvürlər yaradır, amma gözümün önündə yalnız 10 yaşındadır. Körpədir. İnsan beyni belədir, necə görübsə, o formada yadda saxlayır, hətta yuxuda belə o cür görürsən. Mən görmə qabiliyyətimi itirdikdən sonra tanış olduğum heç kəsi sima olaraq bilmirəm. Yuxuda belə görmürəm.
- Amma yuxu görürsünüz.
- Təbii ki! Yuxularım da keçmişlə bağlı, xatirə tipli olur. Anamın üzünü, qızımın, atamın simasını... Deyirlər, həyat yoldaşımın saçı ağarıb, amma mən yuxuda onu elə görmürəm, 10 il qabaq necə idisə, elə görürəm.
- Bəs özünüzü görüntü olaraq necə xatırlayırsınız? Səhnədə necə təsvir edirsiniz?
- O vaxt necə idimsə, elə yadımda qalmışam. Səhnə geyimlərini, qrimlənməyi çox istəyərdim görüm. Amma olmur. Mən özümü hazırda heç cür təsəvvür edə bilmirəm. Qrim məni necə dəyişir? Səhnədə necə oluram? Bilmirəm. Heç bir fikrim yoxdur.
- Sizin fəaliyyətiniz təkcə teatrla məhdudlaşmır. İxtisasca hüquqşünas, sonra tibb işçisi, şirniyyat ustası... Həyat hekayəniz, doğrudan da, adamı təəccübləndirir.
- Siz birini unutdunuz: moda. Mən adaptiv geyimlərin nümayişi ilə də məşğulam, modelyer kimi podiuma çıxıram. 2018-19-cu illərdə korporativ tədbirlər üçün şirniyyatlar hazırlamağa başladım. Mənə sonra veqan şirniyyatlar hazırlamaqla bağlı təklif gəldi. Araşdırdım. Gördüm ki, çox faydalı məhsullardır. Qənnadıçı-şirniyyatçılıq üzrə də təhsilim var və şəkərsiz şirniyyatların eksklüziv reseptlərini hazırlamışam. O reseptlər tam olaraq mənə məxsusdur.
Təlimlər keçirəm, tam və qismən görmə məhdudiyyətli adamlar üçün özünəxidmət prinsiplərini öyrədirəm. Tam görmə məhdudiyyətli olaraq bunu da edən ilk insanam. Bununla məşğul olan adamlar var, amma onlar görə-görə edirlər, mən isə yox...
- Bəzən görürük ki, müəyyən fiziki məhdudiyyəti olan adamlar cəmiyyətdən, sosial mühitdən təcrid olunurlar. Ya özləri, ya ailələri tərəfindən.
- Tamamilə haqlısınız. Belə olmalı deyil. Müəyyən məhdudiyyəti olan adamlar asosial olmamalıdırlar. Uşaqların müəyyən bacarıqlar əldə etməsi üçün hazırda ölkəmizdə hər cür şərait var. Eşitmə, görmə, fərqi yoxdur, hər biri üçün yüksəksəviyyəli pedaqoqlarımız var. Mən həmişə deyirəm, xahiş edirəm, bu uşaqları evdə saxlamayın. Onların da təhsil almaq, özünü inkişaf etdirmək haqqı var, əllərindən almayın. Amma bəzən valideynlər nədənsə əksini düşünürlər. Neçə dəfə olub, yönləndirmişəm, uşaqlar elə gözəl peşələrə yiyələniblər ki... və valideynlər də başa düşüblər ki, düz etməyiblər.
İnsan daim çalışmalıdır. O valideyn bu gün var, sabah olmayacaq. Mənim anam var idi, amma bu gün yoxdur. Anam olsaydı, bəlkə, bu qədər çalışmazdım, bu yerlərə gəlib çıxmazdım. Nə bilim?! Amma indi bu mənəm. Bu, Günaydır. Və mən bu Günayla qürur duyuram.
- Günay xanım, şair Vaqif Bayatlının belə bir fikri var ki, sevginin fiqur şəkli məhz yumrudur. Çünki yumru fiqurların ən gözəlidir. Siz necə düşünürsünüz, sevginin rəngi necədir?
- Rəngarəng. Mən belə görürəm, belə hiss edirəm. Mənim həyatım da rəngarəngdir, heç də qaranlıq deyil. Olmamalıdır da!
Yavaş-yavaş müsahibəni yekunlaşdırırıq. Tamaşa məşqlərinin sədası ilə çıxışa doğru gedirik. Günay xanımdan yekun olaraq nəyi, yaxud kimi görməkdən ötrü darıxdığını soruşuram. Tərəddüdsüz:
- Qızımı... - deyir, daha sonra astadan davam edir, - ona toxunmaq, baxa-baxa oxşamaq... Bu hiss üçün darıxıram... Çox darıxıram...
Rəylər