23 ildir müğənni olaraq fəaliyyət göstərən Ofeliya Şabanova ifa etməyə rayon klublarında, özfəaliyyətdən deyil, el məclislərində 12 yaşında başlayıb.
Bu barədə müğənni Oxu.Az-a müsahibəsində qeyd edib. Ofeliya Şabanova Azərbaycanda ilk dəfə 15 yaşında solokonsert verən ifaçı olduğunu söyləyib:
"Balakən rayonunda icra başçısının təşəbbüsü ilə solokonsertim olmuşdu. Bu yaxınlarda da altı bölgədə solokonsertim oldu.
Aparıcılarımız bizim sənətimiz haqqında maraqlanmırlar. Soruşurlar ki, saçını neçəyə düzəltmisən, kostyumunun qiyməti nədir? Bizə belə suallar verilir. Bizə savadlı adamlar, oxumuş insanlar, ziyalılar baxırlar. Elə bilirsiniz ki, hər müğənniyə ziyalı baxır? Yox! Mən şadam ki, ziyalılar mənə baxıb qiymət verirlər.
Növbəti solokonsertimiz olacaq. Bu barədə isə öncədən danışmayacağam. Çünki öncədən danışmaq mənə düşmür".
- Ofeliya xanım, bəs siz bu sahədə çalışmaq üçün təhsil almısınızmı?
- Bülbül adına orta ixtisas musiqi məktəbini bitirmişəm. Fərdi ustadlarım çox olub. Hər zaman deyirəm ki, yeriyən akademiya, muğam bilicisi, tarzən Mehman Mikayılov, Gülyaz Məmmədova, Xalq artistimiz Samir Cəfərov, Ruzə İbişova və s. - bəzi ustadlarımın adı hazırda yadıma düşməyə bilər - onlardan da fərdi təhsil almışam.
- Bəs müğənni olmaq üçün kimdən ilhamlanmısınız?
- Mənə "müğənni olmaq" ifadəsi heç vaxt çatmır. Çünki sən müğənni olaraq doğulmalısan. Allah sənə o neməti, istedadı verməlidir. Bir də görürsən, gətirirlər ki, mənim uşağımı müğənni elə. Bu söz məni həmişə güldürür. Bu sözü heç vaxt qəbul etmirəm.

- Son günlərdə çıxışlarınızda "bayağı mahnı yoxdur, bayağı ifa tərzi var" kimi fikirlər səsləndirirsiniz. Niyə mahnılarımız bayağı adlandırılır?
- Bu yaxınlarda bizim gözəl sənətkarımız Teymur Əmrahın - hətta sənətkar deməyəcəyəm, çünki o, sənətkar deyil, ustaddır - fikirlərini eşitdim: "Müğənnilər yolu düzgün tutmurlar. Azərbaycanda bayağı mahnı yoxdur, bayağı yol var".
Baxırsan ki, xanımın, kişinin gözəl səsi var, amma tutduğu yola heyfin gəlir. Axı sən Azərbaycanın gözəl bəstəkar mahnılarını ifa edə bilərsən. Əsl Azərbaycan musiqisi, muğamlarını ifa edə bilərsən. Onları da qınamıram. Onların qazancı toylardandır. Mən toya getməsəm də, olar, həyat yoldaşımın qazancı bəs edir.
Bayağı mahnıları efirə gətirmək olmaz. Bir çox ölkələr bizə baxıb, Azərbaycan muğamlarına həsəd aparırlar.
Bizim zəngulədən dünyanın heç yerində yoxdur, lakin düzgün dəyərləndirə bilmirik. Bunun günahının kimdə olduğunu bilmirəm.

- Sizin fikrinizcə, Azərbaycan musiqi sənəti qənaətbəxşdir?
- Azərbaycan musiqisi hazırda komadadır. Əsl Azərbaycan musiqisi komadadır, inanmıram ki, ayıla.
Bir də görürsən, efirdə elə ifaçını tərifləyirlər ki, baxırsan, bu, "A, B" nədir, bilmir, musiqidən xəbəri yoxdur. Azərbaycan bəstəkarlarını tanımır. Amma onu görüm-baxım edib deyə tərif edirlər.
Xalq artistini elə təqdim edirlər ki, bayağı ifaçının yanında sönür. Aparıcılar, siz, bəlkə də, bizim musiqimizi komadan ayılda bilərsiniz. Bizə bir çox ölkələrdən baxırlar. Niyə bizim musiqiləri dinləyib, gülməlidirlər? Hansı bayağı mahnını dinləyirsən, orada özbək ritmi var, amma onlar bizim bəstəkar mahnılarımızdan ötrü ölürlər. Köhnə mahnılarımızı götürüb, yeni ifa yaradırlar.
- Nə vaxtsa müğənni olmaqdan əl çəkməyi düşünürsünüzmü?
- Heç vaxt heç vaxt demirəm. Əgər yoldaşım deyərsə, kifayətdir. Mən saxlayaram sənəti.
Daha çox foto burada: PhotoStock.az
Aygün Mirakif
Video: Cavid Mehdiyev