Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Otuz beş ilin qaysaqlanmayan yarası: "Ayağımdan güllənin çıxarıldığı an işıqlar söndü"
"20 Yanvardan sonra ölüb, yenidən dirildim".
Bu fikri Oxu.Az-a müsahibəsində üzərindən 35 il keçsə də, dəhşətli gecəni bir an belə unutmayan, daim xatirəsində yaşadan 20 Yanvar şahidi, 56 yaşlı Samir Piriyev deyib. Müsahibəni təqdim edirik.
- Həmin gecəni necə xatırlayırsınız?
- Yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusunun Azərbaycanı əzmək planının qarşısını almaq üçün insanlarımızın hamısı küçələrə çıxmışdı. Həmin gün axşam saat 8-də televiziyanın "Xəbərlər" proqramında insanlara nə etmələri barədə məlumat verilməli idi. Ancaq bizə dedilər ki, televiziya partladılıb, veriliş alınmadı. Yasamalda yaşayırdım. Taksiyə minib "XI Qızıl Ordu meydanı"na (indiki metronun "20 Yanvar" stansiyası - red.) gəldim. İnsanlarımız bir yerə yığılmışdılar. Benzin gətirib butulkalara doldurmuşdular ki, tanklara atsınlar. Əvvəlcə dedilər ki, ordu 1-ci mikrorayon tərəfdən gəlir. Əhalinin bəzi hissəsi axışdı oraya. Ancaq oradan heç kim gəlmirdi. Sonra 3-cü mikrorayon istiqamətindən qoşunların gələcəyini dedilər. Oraya da getdikdən sonra gördük ki, heç kim yoxdur. Keçmiş "XI Qızıl Ordu"nun abidəsinin ətrafında tankların qarşısını almaq üçün təkərlər yandırdıq.
- Bəs hansı istiqamətdən hücuma keçdilər?
- Biz gözləmədiyimiz anda 3-cü mikrorayon tərəfdən hərəkətə keçən tanklar hədəf almadan güllələr atmağa başladılar. 10-15 dəqiqə sonra yanan güllələr atmağa başladılar.
- İnsanların hücuma reaksiyası necə oldu?
- O anda yanımda bir cavan oğlan yaralandı. Maykasını kəsib yarasını sarıdım. Təcili yardım çağırdıq. Onu xəstəxanaya apardılar. Vətəndaşlarımız tanklara benzinli butulkalar atırdılar. Saat 00:10-da tanklar, zirehli transportyorlar və piyadaların döyüş maşınları görünməyə başladı. Biz isə yolun bir tərəfini trolleybusla bağlamışdıq. Söhbət metronun indiki "20 Yanvar" stansiyasının ətrafından gedir. İkinci trolleybusu yolu bağlamaq üçün itələdik. Mən o səhnəni yalnız kinolarda görmüşəm - tanklar maşınları necə vurub dağıdırdılarsa, trolleybusların da ortasından elə keçdilər.
- Sözügedən mənzərəni görəndə siz necə davrandınız?
- Əlimdə butulka var idi. Yandırıb PDM-in üzərinə atdım. Onun içindən atəş açmağa başladılar. PDM-lə mənim aramda beş metr məsafə var idi. O anda diz nahiyəmdən güllə yarası aldım. Güllə yarası olduğunu bilmədim. Onu bildim ki, ayağıma daş kimi nəsə dəydi. Özümdən asılı olmadan yıxıldım. Qalxmağa çalışdım, ancaq gördüm ki, alınmır, yeriyə bilmirəm. Sürünə-sürünə ağacların içərisinə tərəf getdim. Orada səkilər var idi. Səkinin üstündə güllələr dağılırdı. Mənə dəyməsin deyə səkinin arxasına keçdim. Daha sonra xeyli süründükdən sonra bir yaşlı kişi səsimi eşidib, dedi, narahat olma. Məni xilas edəcəyini dedi. Məni çiynində apardı, xəstəxanaya doğru getdik.
- Bilirəm, danışmaq sizin üçün çətindir. Amma xəstəxanadakı mənzərəni danışmağınızı rica edirəm.
- Xəstəxananın həyətində insanlar toplaşmışdılar. Orada təxminən yarım saat məni əməliyyat etdilər. Yaramdan çox qan axırdı. Dayandırmaq mümkün deyildi. Hətta başımın üzərində tibb bacısı ağlayırdı ki, "həkim, ölür, tez kömək elə". Ayağımdan güllənin çıxarıldığı an işıqlar söndü. Tək mən deyildim. Çox sayda xəstə var idi. Həkimlər vahiməyə düşdülər. Yer olmadığından bəzi xəstələr ayağa qalxırdılar ki, bizim yerimizə uzadın. İnsanlarımız çox qayğıkeş münasibət göstərirdilər. Həmin gecə ayağımdan güllənin birini çıxardılar. Nə qədər iynə vurulsa da, gecəni səhərə kimi yata bilmədim. Səhər isə yenidən əməliyyat olundum. Ayağımdan ət sallanırdı. Onu kəsib götürdülər. Güllənin qəlpələrini çıxardılar. Bir qəlpə isə sümüyümün içərisində qaldı. Sinir əzələsinə yaxın olduğuna görə ona dəymədilər.
- Böyük-kiçik demədən hamını...
- Bəli, onlar düşünmürdülər ki, bu, körpədir, yaşlıdır, qadındır, hər kəsi gülləbaran edirdilər. 20 Yanvar hadisəsi sovetin vəhşiliyi kimi yaddaşda qaldı. Maşınların və insanların üzərindən tankları sürürdülər. Ordu görünmürdü, çünki hamısı zirehli tanklar idi. Milləti qırdıqdan sonra üzü keçmiş Salyanski kazarmaya doğru (Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim-Tədris Mərkəzi - red.) gedib, qapını açmadan hasarı dağıtdılar. Çünki qapısının qarşısında insanlar yığılmışdılar. Trolleybusun içərisində qadınlar var idi. Bir yaşlı qadına yaxınlaşıb dedim ki, xala, siz evə gedin. Çünki hamını qıracaqlar. O isə cavabında belə dedi: "Oğul, sizə nə olacaqsa, bizə də ondan olacaq. Biz sizdən artıq deyilik".
- Qətliamı törədənlər, əsasən, kimlər idi?
- Əsasən, ermənilərdən ibarət bölüklər idi. Onlar səhər saat 6-ya qədər insanları öldürdükdən sonra çıxıb getdilər. Saat 6-dan sonra isə sovet ordusunu Bakıya gətirdilər. Bununla da istədilər ki, insanlarımızı sındırsınlar. Ancaq bu millət sınmadı. 40 gün yas saxlanıldı. Şəhidlər xiyabanında dəfn edilməsinə imkan verməmək üçün ordu yeritdilər. Ancaq mümkün olmadı. Bu, bizim birliyimizdən irəli gəlirdi.
- Səhhətinizdə sonradan hansı xəstəliklər ortaya çıxdı?
- Gecələr özümdən asılı olmadan qışqırıram. Sutka ərzində üç-dörd saat yuxu yatıram. Xərçəng xəstəsiyəm. Ayağımda sinir əzələsinə yaxın yerdə qəlpə var. Onu çıxarmaq mümkün deyil və onun əzablarını çəkirəm. Xərçəng xəstəliyinə yoluxduğuma görə, ağciyərimin fəaliyyəti 75 faizə düşdü. Çünki mən 20 Yanvardan sonra ölüb, yenidən dirildim".
Məhərrəm Əliyev
"20 Yanvar - Ümumxalq Hüzn Günü" teqi üzrə xəbərlər
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- 20 Yanvar - Cəzasız qalan cinayət
- Qanlı Yanvar günü səhərə kimi işləyən qatar sürücüləri: "Metro həmin gün sığınacaq idi"
- Fədakar həkimlər 20 Yanvar gecəsi yaşadıqları dəhşətdən danışdılar
- Orxan Fikrətoğlu: "Əlisilahlı əsgərlərə rəğmən, həqiqətimizi sovet rejiminə söylədik"
Rəylər