Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Gəncədəki bıçaqlanma hadisəsinin DETALLARI
Gəncədə 2 nəfərin bıçaq xəsarəti almasının və bir nəfərin qətlə yetirilməsinin detalları məlum olub.
"Unikal"ın əldə etdiyi məlumata görə, hadisəyə qısqanclıq səbəb olub.
Belə ki, qətli törədən 65 yaşlı Mahir Quliyev qeyri-rəsmi münasibətdə olduğu 45 yaşlı İlhamə Hüseynovanın 25 yaşlı Akif Ağalarovla münasibəti olmasından şübhələnib. Mahir Quliyev Cəlil Məmmədquluzadə küçəsində yerləşən evin qarşısına gələrək İlhamə Hüseynova ilə mübahisə edib.
Mübahisədən sonra Mahir Quliyev İlhamə Hüseynovanı qətlə yetirib, daha sonra isə Akif Ağalarovu bıçaqlayıb.
Qadının öldüyünü görən Mahir Quliyev sonra özünə bıçaqla xəsarət yetirib.
Hər iki şəxs xəstəxanaya yerləşdirlib.
Faktla bağlı araşdırma aparılır.
26.06.2024, 22:18
İyunun 26-da saat 16 radələrində Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Oxu.Az bildirir ki, bu barədə Gəncə Şəhər Prokurorluğundan məlumat verilib.
Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdiriliblər, hazırda müalicələri davam edir.
19:14
Gəncədə törədilən qətlin təfərrüatı məlum olub.
"Report"un Qərb bürosunun əldə etdiyi məlumata görə, qətlə yetirilən 1979-cu il təvəllüdlü İ.Hüseynova hadisəni törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü M.Quliyevlə qeyri-rəsmi münasibətdə olub.
M.Quliyev, həmçinin 1999-cu il təvəllüdlü A.Ağalarovu bıçaqlamaqda da şübhəli bilinir.
Şübhəli daha sonra özünün qarın nahiyəsinə bıçaqla xəsarət yetirib. O, ağır halda xəstəxanaya çatdırılıb və cərrahiyyə əməliyyatına alınıb. Digər yaralı isə şəhərin başqa xəstəxanasına çatdırılıb.
Hadisənin qısqanclıq zəminində törədildiyi bildirilir.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
18:56
Gəncədə qadın bıçaqlanaraq qətlə yetirilib, daha iki nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı bədən xəsarətləri alaraq qətlə yetirilməsi, şəhər sakini 1999-cu il təvəllüdlü Akif Ağalarovun kəsici-deşici alətlə xəsarət alması barədə məlumat daxil olub.
Hadisəni qısqanclıq zəminində törətməkdə şübhəli bilinən, 1959-cu il təvəllüdlü Mahir Quliyev daha sonra özünə həmin alətlə xəsarət yetirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Rəylər