Ötən həftə “Rosneft” Neft Şirkəti Publik Səhmdar Cəmiyyətinin baş icraçı direktoru İqor Seçin və SOCAR-ın prezidenti Rövnəq Abdullayev arasında Türkiyədəki STAR neft emalı zavoduna Rusiya neftinin təchiz olunmasına dair müqavilənin imzalanması ildə yadda qaldı.
Oxu.Az xəbər verir ki, sənəd 23 avqust 2018-ci il tarixində imzalanmış neft təchizatı haqqında Çərçivə Razılaşmasının şərtlərinə əsasən imzalandı.
Kontraktın şərtlərinə görə, 2018-ci ilin dekabr ayından etibarən bir il ərzində zavodun bir milyon ton neftlə təchiz olunması nəzərdə tutulur.
STAR zavodunun Rusiya nefti ilə təchiz olunmasına dair imzalanmış bu kontrakt hər iki şirkətin əlverişli əməkdaşlığının genişlənməsinə dəlalət edir və SOCAR-ın Türkiyədəki yeni neftayırma obyektlərinin stabil yüklənməsi üçün təminat yaradacaq.
Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban deyir ki, emal müəssisəsi olan hər hansı bir şirkət bir təsisatçıdan asılı olmamalıdır:
“Emal müəssisəsinin fasiləsiz işləməsi üçün xammalın diversifikasiyası aparılmalıdır. STAR neft emalı zavodunun qurğuları yüngül neftə hesablanıb. Bu baxımdan, ordada “Azerilight” və “Urals” tipli neftin emalı nəzərdə tutulur. STAR neft emalı zavodu Ceyhan, eləcə də, Novorossiyskdən neft almaq imkanlarına malikdir”.
İ.Şaban başqa şirkətlərlə də analoji müqavilənin imzalanmasını mümkün hesab edir:
“Təkcə “Rosneft” deyil, digər şirkətlərdən də “Urals” markalı neftin alınması həyata keçirilə bilər. ABŞ, eləcə də, Avropa neft emalı zavodları bir deyil, bir neçə neft təhcizatçısı ilə xammalın alınmasına dair müqavilə imzalayırlar”.