Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Niyə nağd ödəyirsiniz? - SORĞUNUN CAVABI
Azərbaycanda nağd ödənişin ən birinci səbəbi alışqanlıqdır.
Oxu.Az xəbər verir ki, “MasterCard” şirkətinin Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə apardığı sorğuda ən çox alınan cavab bu olub.
“Mastercard”ın Azərbaycan üzrə meneceri Erdem Çakarın sözlərinə görə, hazırda Azərbaycanda nağdsız ödənişlər ölkənin ümumi daxili məhsulunun 3,5-4%-ni təşkil edir.
Halbuki Türkiyədə bu nisbət 40%-ə, İsveçrədə isə 70%-ə bərabərdir. Dünyada insanlar bütün əməliyyatları kartla və hətta mobil telefon, “Facebook Messenger” üzərindən həyata keçirdiyi bir vaxtda Azərbaycanda supermarketlərdəki dövriyyənin belə 80%-i nağd şəkildə həyata keçirilir.
Dünya ilə aramızdakı texnoloji fərqə gəlincə, qeyd edək ki, artıq dünya dəmir pullardan imtina etməyə hazırlaşır, nəqliyyat sektorunda mobil telefonla ödəniş edilir, POS-terminalları “küarkodlar” əvəzləyib, marketlərdə ağıllı kassalar quraşdırılıb, soyuducuda yumurtanın sayı azalan kimi avtomatik ödəmə ilə insanların evinə bazarlıq gəlir, təmassız kartlarla alış-verişin həcmi artır, biz isə bankda olan son qəpiyi belə nağdlaşdırıb evdə saxlayırıq.
Halbuki ödənişlərin nağdsız edilməsi həm istehlakçının hüquqlarının qorunması, gizli iqtisadiyyatın həcminin azaldılması, həm də nağdsız əməliyyatlar üzrə bonusların toplanmasına imkan verir.
Məsələn, e-pul platformasında Masterplass tətbiqi var. Burada kartın nömrəsini qeyd etməklə ödəniş etmək olar. Tutaq ki, beş manat kontur yükləsəniz, üç manat endirim alacaqsınız. Mobil telefona balans yükləməyə belə bir endirim edilməsində məqsəd isə yenə də kartdan istifadəyə alışqanlığı yüksəltməkdir.
Maraqlı faktdır ki, hazırda Azərbaycanda “MasterCard” istifadəçisinin 50 faizi əcnəbilərdir, çünki xaricilərdə nağdsız hesablaşmalar aparmaq qəbul edilmiş adi bir qaydalardır. Bunu nəzərə alan Azərbaycan hökuməti də nağdsız ödənişlərin stimullaşdırılması üzrə dövlət proqramı hazırlayıb və bu proqram 2019-cu ildən başlayaraq həyata keçiriləcək.
2018-ci il avqustun 1-nə olan statistik rəqəmlərə əsasən, ölkədə 6 174 min ədəd ödəniş kartı dövriyyədə olub ki, bunun da 2 521 min və ya 40,8%-ni sosial, 1 908 min və ya 30,9%-ni əməkhaqqı kartları təşkil edib. Kredit kartlarının sayı isə 2018-ci il avqustun 1-nə 823 minə çatıb.
İlhamə Abdullayeva
www.oxu.az