“Son illər Azərbaycanın Çin ilə iqtisadi əməkdaşlığı genişlənərək bütün sahələrdə nəzərəçarpacaq inkişafa səbəb olub. Azərbaycan ilk dövrdən Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpinin iki ölkə arasında əlaqələri gücləndirən və müxtəlif sahələrdə yeni əməkdaşlıq imkanları yaradan “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyib. Azərbaycan bu təşəbbüsün əsas istiqamətlərindən biri olan “yaşıl inkişaf”ın təşviqini də dəstəkləyir”.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Baş nazirin müavini, Azərbaycan-Çin Hökumətlərarası Ticarət-İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Şahin Mustafayev 6-cı Çin Beynəlxalq İdxal Sərgisi çərçivəsində təşkil olunan Honçiao Beynəlxalq İqtisadi Forumunun “Qlobal ekoloji sivilizasiyanın qurulması üçün yaşıl investisiya və ticarətin inkişaf etdirilməsi” adlı plenar iclasında çıxışı zamanı deyib.
Ş.Mustafayev bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin və ÇXR sədri Si Cinpinin birgə səyləri sayəsində iki ölkə arasında siyasi dialoq və ənənəvi dostluq möhkəmlənir, dövlətlərarası münasibətlər inkişaf edir, qarşılıqlı faydalı iqtisadi əməkdaşlıq yaxşı dinamika nümayiş etdirir.
Yaşıl transformasiya prosesinə öz töhfəsini verən Azərbaycanın zəngin təbii resurslara, coğrafi mövqeyinə görə nadir məkanda yerləşdiyini bildirən Baş nazirin müavini əlavə edib ki, Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolu oynaması ölkəmizə “yaşıl ticarət”i inkişaf etdirməyə imkan verir.
Azərbaycanın 2030-cu ilədək alternativ və bərpaolunan mənbələrdən əldə edilən enerjinin həcmini 30 faizə çatdırmaqda qərarlı olduğunu bildirən Ş.Mustafayev işğaldan azad olunan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının Prezident İlham Əliyevin tapşırığı ilə “Yaşıl enerji zonası” konsepsiyası formatında bərpa edildiyini, həmin ərazilərdə ən müasir texnologiya və konsepsiyaların, o cümlədən “ağıllı kənd”, “ağıllı şəhər”, “ağıllı kənd təsərrüfatı” və “yaşıl enerji”nin tətbiq olunduğunu diqqətə çatdırıb.
Ölkəmizin alternativ və bərpaolunan enerji potensialı haqqında məlumat verən Baş nazirin müavini bildirib ki, bu sahə artıq Azərbaycanda xarici investisiyaların əsas mənbəyinə çevrilib. O, Azərbaycandakı “yaşıl enerji” layihələrində Çin şirkətləri ilə uğurlu əməkdaşlıq qurulduğunu deyib.
Ş.Mustafayev diqqətə çatdırıb ki, ötən ilin dekabrında Buxarestdə Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında imzalanan Sazişə əsasən Azərbaycanda istehsal edilən “yaşıl enerji” Avropaya nəql olunacaq.
Çinin Kommersiya Nazirliyinin, BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD), təşkilatın İnkişaf Proqramının birgə təşkil etdiyi plenar iclasda Çinin kommersiya nazirinin müavini Lin Ci, UNCTAD-ın baş katibi Rebeka Qrinspan, bir neçə ölkənin yüksək vəzifəli rəsmiləri də çıxış edərək iqtisadi inkişaf ilə ətraf mühitin dayanıqlılığının balansının qorunmasının beynəlxalq ictimaiyyətin ortaq missiyası olduğunu bildirib, “yaşıl inkişaf” məsələləri ilə bağlı fikirlərini bölüşüblər.