23 
Fev
2024
21:04
78
56
1946
Virtual karabakh

Vüqar Bayramov: “İqlim dəyişikliyi Azərbaycanda ən çox aqrar sektora təsir edir” - MÜSAHİBƏ

23 Fev, 2024
21:04
1946

Vüqar Bayramov: “İqlim dəyişikliyi Azərbaycanda ən çox aqrar sektora təsir edir” - MÜSAHİBƏ

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. Ancaq daha çox aqrar sektora təsirləri müşahidə olunur”.

Bunu Oxu.Az-a müsahibəsində Milli Məclisin deputatı Vüqar Bayramov deyib. Müsahibəni təqdim edirik:

- Son zamanlar dünyanı təhdid edən mövzulardan biri də iqlim dəyişikliyidir. Bu məsələ qlobal iqtisadiyyata nə kimi təsirlərə yol açacaq?

- İqlim dəyişikliyi qlobal iqtisadiyyat üçün kifayət qədər ciddi, dərinləşmiş çətinliklər yaradır. Həm ərzaq təminatı, həm də ərzaq təhlükəsizliyinə neqativ təsir göstərir. Bu fonda kənd təsərrüfatında məhsul istehsalının azalmasını, qlobal yoxsulluğun dərinləşməsini müşahidə edirik.

Eyni zamanda, dövlətlər və qlobal iqtisadiyyat üçün əlavə xərc yaradır. Yəni iqlim dəyişikliyinə qarşı mübarizə, bu istiqamətdə istehsalın tənzimlənməsi praktiki olaraq qlobal xərc deməkdir. Bu da bütövlükdə qlobal iqtisadiyyata neqativ təsir göstərir. Xüsusilə, aqrar sektorda vətəndaşların, bütövlükdə dünya əhalisinin su və digər təminatını həyata keçirməkdə çətinliklər yaratmaqla qlobal iqtisadiyyatda əlavə xərclərin formalaşmasına səbəb olur.

- İqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatına nə kimi təsiri ola bilər?

- Azərbaycan iqlim dəyişikliyindən ciddi ziyan çəkən ölkələr sırasında deyil. Nə kənd təsərrüfatı, nə də digər sektorlar üçün iqtisadi baxımdan hansısa ciddi çətinliklər yaşanmır.

Ancaq iqlim dəyişikliyinin Azərbaycan iqtisadiyyatında daha çox aqrar sektora təsirləri müşahidə olunur.

Suya olan tələbatı ödəməkdə müəyyən çətinliklər var. İqlim dəyişdiyi üçün yağıntıların sayı azalır. Yağıntıların mövsümi olaraq qeyri-bərabər paylanması kənd təsərrüfatında suya olan tələbə neqativ təsir göstərir.

Turizmə də təsirləri var. Həm daxili, həm xarici turizmə. Ona görə iqlim dəyişikliyinin ən çox təsir etdiyi sektorlar kənd təsərrüfatı və turizmdir.

- COP29-un ölkəmizdə keçirilməsinin nə kimi töhfələri olacaq?

- COP29 dünyanın ən böyük və vacib tədbiri hesab olunur. Ölkələrin sayı, ölkə rəhbərləri statusunda təmsil olunma səviyyəsi nəzərə alınsa, dünyanın ən böyük tədbiri hesab oluna bilər.

COP29 həm ətraf mühit, iqlim dəyişikliyi, həm də qlobal iqtisadiyyat ilə bağlı qərarların qəbul edildiyi platformalardan biridir. İmkan verəcək ki, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin nümayəndələri bir araya gələrək müzakirə apara bilsinlər.

Təsirlərin minimumlaşdırılması ilə bağlı həyata keçirilən işlər, qərarların qəbul edilməsi fonunda həm planetimizin durumuna, həm də qlobal iqtisadiyyata töhfəsi olacaq.

Bu, eyni zamanda, qlobal iqtisadiyyata yeni yanaşmalara təkan verəcək və müvafiq qərarların qəbul edilməsi üçün imkan yaradacaq.

- İqlim dəyişikliyinin iqtisadiyyata təsirini azaltmaq üçün hansı alternativ yollar tövsiyə edilə bilər?

- Ölkələr alternativlər haqqında düşünürlər. İqlim dəyişikliyinin iqtisadiyyata təsirlərini minimuma endirmək üçün tədbirlərin sayında artımlar var.

Eyni zamanda, həm iqtisadiyyata, həm də dünya əhalisinin istehlakına təsirlərini minumumlaşdırmaq üçün yeni texnologiyadan istifadə vacibdir. Məsələn, bir sıra ölkələrdə okean və dəniz suyunun içməli suya çevrilməsi prosesi gedir. Bu, suvarma və içməli suya olanı tələbatın ödənilməsində xüsusi paya malik olur.

Texnoloji yeniliklər innovasiyanın tətbiq edilməsi anlamına gəlir. Bu baxımdan, sözsüz ki, iqlim dəyişikliklərinin iqtisadiyyata təsirlərini minimumlaşdırmaq üçün ən ciddi alət texnologiyadır.

Ölkələrin iqlim dəyişikliyi ilə bağlı kvota öhdəliklərinə əməl etməsi kimi vacib məqamlar var. Bir sıra inkişaf etmiş ölkələrdə belə tədbirlərin həyata keçirilməsi müşahidə edilməkdədir.

Nəzrin Vahid

Bizimlə əlaqə saxlayın

Digər İqtisadiyyat xəbərləri