Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Yerüstü və yeraltı dayanacaqlarda tarifi kim müəyyən edir və vəsait hara xərclənir? - RƏSMİ + FOTO
Bakıda yeraltı dayanacaqlarda kəskin qiymət artımının olması geniş müzakirələrə səbəb olub.
Belə ki, aprel ayının 1-dən etibarən bir çox yeraltı dayanacaqlarda tariflərin kəskin artırılması fonunda ortaya çıxan yeni qiymətlər bir çox suallar yaradıb. Sosial şəbəkələrdə ciddi müzakirə olunan və yaranan sualları Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) ünvanladıq.
AYNA-nın Oxu.Az-ın suallarına verdiyi cavabları sizə təqdim edirik:
- Qiymət artımı Nazirlər Kabinetinin qərarına bağlı olmalıdır, amma yeraltı dayanacaqlarda bu dəyişiklik ilə bağlı hər hansı bir qərar yoxdur. Bu artım nəyə əsasəndir?
- Nazirlər Kabinetinin “Nəqliyyat vasitələrinin parklanmasına görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında Qərarı dövlət avtomobil yollarında təşkil edilmiş parklanma yerlərindəki parklanmalara görə tarifləri tənzimləyir. Küçədən kənar parklanma yerləri, o cümlədən də yeraltı parklanma yerlərinin idarə olunması və tariflərlə bağlı qərarlar mülkiyyətçi tərəfindən müəyyən edilir.
- AYNA-nın açıqlamasında qeyd olunur ki, “Parklanma məntəqələrində mövcud avadanlıqlar (lift, eskalator, ödəniş terminalları, yanğından mühafizə sistemi və s.) qeyri-qənaətbəxş vəziyyətdədir, təmiri və yenilənməsi üçün əsaslı vəsait qoyuluşu tələb olunur”. Amma Qış parkında olan liftlər və eskalatorlar işləmir və işləməyib. Açıqlamada yer alan təmir və yenilənmə məsələsi bir az qaranlıq qalır.
- Qış parkındakı yeraltı dayanacaq təhvil alınan zaman orada bir sıra çatışmazlıqlar mövcud olub. Belə ki, təhvil zamanı lift və eskalatorlarda nöqsanların olduğu və işləmədiyi müəyyən edilib. Avtodayanacaqdakı lift və eskalatorların əsaslı təmiri nəzərdə tutulub.
- 28 May ətrafında yerüstü dayanacağın ləğv edilməsi ətrafdakı dayanacaqlara tələbi artırdı. Elə təəssürat yaranır ki, məhz bu anda yeraltı dayanacaqlarda qiymətin artırılması vəziyyəti dəyərləndirmək məqsədi daşıyır. Yəni tələbat artır və əhalinin təklif olunan qiyməti seçməkdən başqa çıxış yolu qalmır. Bu məsələyə izahınız maraqlıdır.
- Parklanma yerlərinin idarəolunmasının əsas məqsədi şəhərin küçə-yol şəbəkəsində tıxacların və sıxlıqların azaldılması, ictimai nəqliyyatın orta hərəkət sürətinin və bunun nəticəsində onun cəlbediciliyinin artmasıdır. Həmçinin yol təhlükəsizliyinin artırılması, avtomobil nəqliyyatının və onun ətraf mühitə mənfi təsirinin azaldılmasıdır. Beynəlxalq təcrübədə də ödənişli parklanma həm də çəkindirici element hesab olunmaqla insanların gündəlik səyahətlərdə şəxsi minik avtomobillərindən imtina etməsinə və alternativ nəqliyyat növlərinə üz tutmasına kömək edir.
- Əlilliyi olan insanlar üçün şəhər nəqliyyatı onsuz da əlçatan deyil. Yeraltı dayanacaqlarda onlar üçün hansısa güzəşt nəzərdə tutulurmu?
- Yeraltı parklanma yerlərində əlilliyi olan insanlar üçün güzəşt nəzərdə tutulmayıb.
- Belə bir fikir də var. AYNA bütün yerüstü dayanacaqlardan qazanc əldə edir. 1) Həmin qazanc nəyə sərf olunur? 2) Həmin toplanan məbləğlə yeraltı dayanacaqların xərcini qarşılamaq mümkün deyilmi?
- Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası qanunvericiliklə müəyyən edilib.
Qeyd edək ki, “Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə Qaydası” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 29 iyul tarixli 2258 nömrəli Fərmanı ilə təsdiq edilib. Fərmanda Nəqliyyat vasitələrinin ödənişli parklanmasından daxil olan vəsaitdən istifadə qaydası və vəsaitdən istifadə istiqamətləri öz əksini tapıb.
Əzizə İsmayılova
Rəylər