Penitensiar Xidmətin zabiti, polkovnik Elçin Əzizova qarşı zor tətbiq etməkdə təqsirləndirilən Amal Zülfüqarlının cinayət işinin məhkəmə istintaqı yekunlaşıb.
Oxu.Az-ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən iclasda sənədlərin tədqiqi mərhələsində təqsirləndirilən şəxsin vəkili onun psixoloji durumu ilə bağlı təkrar ekspertizanın keçirilməsi ilə bağlı vəsatətlə cıxış edib.
Hakim vəsatəti təmin etməyib, məhkəmə istintaqının yekunlaşdığı elan edilib.
Çıxışlar üçün növbəti iclas sentyabrın 22-nə təyin edilib.
Qeyd edək ki, hadisə Penitensiar Xidmətin 7 saylı cəzaçəkmə müəssisəsində baş verib. Müəssisədə məhkəmənin hökmu ilə19 il həbs cəzasına məhkum olunmuş Amal Zülfüqarlı cəzaçəkmə müəssisəsinin təsərrüfat bölməsinin rəisi, polkovnik Elçin Əzizova zor tətbiq etməkdə təqsirləndirilir.
Onu da qeyd edək, Amal Zülfüqarlı 2018-ci ildə Bakıda tanışını boğaraq öldürməkdə təqsirləndirilərək 19 il azadlıqdan məhrum edilib.
Hazırda isə ona qarşı Cinayət Məcəlləsinin 317.3-cü (cəzaçəkmə müəssisəsinin, istintaq təcridxanasının əməkdaşına və ya məhkuma qarşı törədilən hədələmə, yaxud zor tətbiq etmə əməlləri ağır nəticələrə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb. Qeyd edək ki, həmin maddənin sanksiyasında 7 ildən 12 ilə dək həbs cəzası nəzərdə tutulur.
Elgün Həsənli