Abşeron rayonunda qadının qətlə yetirilməsinin bəzi təfərrüatı məlum olub.
Oxu.Az Xəzər TV-yə istinadla xəbər verir ki, səhər saatlarında "Xəzər Xəbər"in "WhatsApp" qaynar xəttinə müraciət edən 53 yaşlı Əminə Məlikova bir neçə saat sonra qaynı tərəfindən öldürülüb.
Əminə Məlikova Saray qəsəbəsində yaşayan qaynı Pərviz Məlikovla mülk üstündə yaranan mübahisələr səbəbindən evin dağıdıldığını, şüşələrin sındırıldığını əks etdirən videolar göndərərək məsələni ictimailəşdirməyi və qaynı barəsində tədbir görülməsini xahiş edib.
Qadın, həmçinin səs yazılarında uzun müddət davam edən təhdidlərdən danışıb. Hadisə yerinə çatdıqdan sonra isə Əminə Məlikovanın öldürülməsi məlum olub.
Bu gün saat 14 radələrində Abşeron rayonu Saray qəsəbəsi ərazisində Əminə Məlikovanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Oxu.Az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, araşdırma zamanı 1967-ci il təvəllüdlü Pərviz Məlikovun qardaşı arvadı 1972-ci il təvəllüdlü Əminə Məlikovaya bıçaqla xəsarət yetirərək, sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Pərviz Məlikov iş üzrə şübhəli şəxs qismində saxlanılıb.
İbtidai istintaq davam etdirilir.
Abşeron rayonunda qətl hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Saray qəsəbəsində baş verib.
Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Əminə Payızova yaşadığı evdə qətlə yetirilib. Məlumata görə, qadın qaynı Pərviz tərəfindən öldürülüb.
Polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 58 yaşlı Pərviz Məlikov saxlanılaraq istintaqa təhvil verilib.
Samir Əli