Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxsin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Ağcabədi Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Ağcabədi rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan 1996-cı il təvəllüdlü şəxs (kişi) Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub:
"Ona kəllə-beyin travması, başın ara səthinin cırılmış yarası və sol bud sümüyünün sınığı diaqnozu təyin olunub.
Hazırda pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilir. Vəziyyəti orta ağır olaraq qiymətləndirilir".
Ağcabədidə baş verən yol-nəqliyyat hadisəsində ölən və xəsarət alan şəxslərin adları məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Hindarx qəsəbəsi və Hüsnülü kəndi arasında qeydə alınıb.
Hindarx qəsəbə sakini, 1987-ci il təvəllüdlü Şaiq Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə 1996-cı il təvəllüdlü Bayram İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobil toqquşub. Qəza nəticəsində Şaiq Ələsgərov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib, Bayram İsmayılov isə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Aygün Mirakif
Ağcabədidə iki minik avtomobili toqquşub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Hüsülü kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata əsasən, hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb.
Faktla bağlı araşdırma aparılır.