Ağdamda yeniyetmənin sükan arxasına keçməsi dostunun həyatı bahasına başa gəlib.
Baş Dövlət Yol Polisi İdarəsindən Oxu.Az-a verilən məlumata görə, Ağdam rayon sakini - 17 yaşlı yeniyetmə hüquqsuz idarə etdiyi həmkəndlisinə məxsus KIA markalı avtomobillə Quzanlı-Əfətli yolunda hərəkətdə olarkən, idarəetməni itirərək yol kənarındakı ağaca çırpılıb.
BDYPİ-nin məlumatında qeyd edilib ki, yüksək sürət olduğu ehtimal edilən qəzada nəqliyyat vasitəsi ciddi deformasiyaya uğrayıb, avtomobilin sürücüsü və hadisə anında sərnişin qismində olduğu müəyyənləşən 18 yaşlı Çəmənli kənd sakini Cavid Musayev isə xəstəxanaya çatdırılıb, görülən tədbirlərə baxmayaraq Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.
"İki gəncin həyatını dəyişən sözügedən hadisə bir daha göstərir ki, yol hərəkəti qaydalarından xəbərsiz olan, mükəmməl sürmə vərdişlərinə yiyələnməyən şəxslərin, xüsusilə uşaq və yeniyetmələrin avtomobilin sükanı arxasına keçməsi böyük risk və bəzən də bərpası mümkün olmayan itki deməkdir.
Baş Dövlət Yol Polisi İdarəsi avtomobilin sürücülük hüququ olmadan idarə edilməsi, yaxud nəqliyyat vasitəsini onu idarəetmə hüququ olmayan şəxslərə verilməsi kimi kobud qayda pozuntularının ağır faciələrə səbəb olduğunu bir daha xatırladır, xüsusilə valideynləri, azyaşlılara örnək olan böyükləri gələcəyimizi təhlükədən birgə qorumağa çağırır", - məlumatda bildirilib.
Ağdam rayonunun Çəmənli kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların vəziyyəti məlum olub.
Oxu.Az-ın sorğusuna cavab olaraq Ağdam Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, martın 17-də saat 00:10-da Ağdam rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə iki nəfər (kişi) Ağdam Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Yaralılara qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilmiş, kəsilmiş yaraları diaqnozları təyin olunub və zəruri tibbi yardım göstərilib. Vəziyyəti stabil qiymətləndirilən 2009-cu il təvəllüdlü şəxsin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir.
Göstərilən bütün tibbi xidmətlərə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 00:30-da 2008-ci il təvəllüdlü şəxsin bioloji ölüm faktı qeydə alınıb.
Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Ağdam rayon şöbəsinə təhvil verilib", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Ağdam rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Çəmənli kəndi ərazisində qeydə alınıb.
Belə ki, KIA markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı avtomobildə olan Cavid Əli oğlu Musayev və İlkin Zamiq oğlu Abdullazadə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Həkimlərin müdaxiləsinə baxmayaraq, Cavid Musayevin həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.