Astara rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfər xəstəxanaya yerləşdirilib.
TƏBİB-dən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, qəza nəticəsində 7 nəfər (4 qadın və 3 kişi) müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub.
Xəsarət alan şəxslərdən biri cərrahiyyə şöbəsinə yerləşdirilib. Aparılan bütün reanimasiya tədbirlərinə və həkimlərin səylərinə baxmayaraq, həmin şəxsin həyatını xilas etmək mümkün olmayıb və ölüm faktı qeydə alınıb.
Digər xəsarət alanların müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Onların vəziyyətinin stabil olduğu bildirilir.
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı həlak olanların kimliyi məlum olub.
Oxu.Az xəbər verir ki, qəza zamanı Astara rayon sakini, 1961-ci il təvəllüdlü Səyarə Həsənova hadisə yerində, 1996-cı il təvəllüdlü Əfsanə Baxşıyeva isə xəstəxanada həyatını itirib.
Məlumata görə, qəzaya düşənlər toy məclisinə gedirdilər.
Astara rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Oxu.Az-ın məlumata görə, 10-a yaxın şəxs müxtəlif xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, yanvarın 3-də saat 16:40-da Astara rayonunun Təngərüd kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. S.Məmmədzadənin idarə etdiyi "Mercedes" markalı mikroavtobus idarəetmənin itirilməsi nəticəsində aşıb. Nəticədə avtomobildə olan 2 nəfər sərnişin ölüb, 7 nəfər xəsarət alıb.
Araşdırma aparılır.
Astara rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə Astara-Lənkəran yolunda qeydə alınıb. Astaradan Lənkərana sərnişin daşıyan "Mercedes Sprinter" markalı mikroavtobusun sürücüsü sürüşkən yolda idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi yoldan çıxaraq elektrik dirəyinə çırpılıb və aşıb.
İlkin məlumata görə, hadisə nəticəsində 1 nəfər ölüb, bir neçə nəfər isə xəsarət alıb.
Samir Əli