Gədəbəy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına 17 nəfər müraciət edib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alanlardan 6 nəfərin xəsarətləri yüngül olduğundan onlara ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarət alan 11 nəfər isə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Xəstəxanaya yerləşdirilən 11 nəfərdən altısı Şəmkir Rayon Mərkəzi Xəstəxanasına tibbi müayinədən keçmək üçün göndərilib.
Hazırda xəsarət alanların vəziyyəti normaldır, reanimasiya şəraitində müalicə olunan yoxdur.
Gədəbəy rayonu ərazisində mikroavtobusun qəzaya uğramasının təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Marif kəndi ərazisində baş verib. Gəncə şəhər sakini Pərviz Şahbaz oğlu Quliyevin idarə etdiyi "Mercedes" markalı mikroavtobus Gəncə və Şəmkir rayonundan Gədəbəy rayonunda işləyən qadın müəllimləri orta məktəbə gətirirmiş. O, Marif kəndi ərazisində qarşıdan gələn, Gədəbəy rayonunun Zəhəmtabad kənd sakini Natiq Niyazi oğlu Əliyevin idarə etdiyi VAZ-2106 markalı avtomobili gözləmədən dönmə əməliyyatı edib. Nəticədə "Mercedes" markalı mikroavtobus VAZ-2106 markalı avtomobillə toqquşub, daha sonra isə yoldan çıxaraq aşıb.
Hadisə nəticəsində mikroavtobusda olan 15 müəllim və VAZ-2106 markalı avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Gədəbəy rayonunda mikroavtobus qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Şəmkir-Gədəbəy avtomobili yolunun Gədəbəy rayon ərazisindən keçən hissəsində baş verib.
Həmin yolda hərəkətdə olan sərnişin daşıyan "Mercedes" markalı mikroavtobus qarşıdan gələn VAZ-2106 markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində mikroavtobus aşıb. Qəza zamanı 9 nəfərin müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirildiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Samir Əli