Bakının 28 May küçəsində baş verən yanğın söndürülüb.
Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən verilib.
"Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsində obyektdə yanğın baş verməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal əraziyə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində ikimərtəbəli kommunal tipli yaşayış binasının 1-ci mərtəbəsində fəaliyyət göstərən ümumi sahəsi 360 kvadratmetr olan obyektdə baş vermiş yanğın qısa müddətdə söndürülüb. Yanğın nəticəsində obyektin tavanı, içərisində elektrikdoldurma avadanlıqları, 4 ədəd velosiped, binanın 2-ci mərtəbəsində ümumi sahəsi 38 kvadratmetr olan ikiotaqlı mənzilin döşəməsi 12 kv.m sahədə və ümumi sahəsi 75 kv.m olan digər ikiotaqlı mənzilin döşəməsi 9 kv.m sahədə yanıb. Obyektin və və mənzillərin qalan hissəsi yanğından mühafizə olunub", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Bakıda mağazada başlayan yanğın evlərə keçib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə 28 May küçəsində qeydə alınıb.
Belə ki, obyektdə qeydə alınan alov qısa müddət sonra ətrafdakı evlərə keçib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Digər mənzillərdə yaşayan sakinlər təxliyə ediliblər. Yanğın qısa müddətdə söndürülüb.
Bir nəfər sakin tüstüdən zəhərlənib və hospitalizasiya olunub. Hadisənin başvermə səbəbləri araşdırılır.