Bakının Xətai rayonu, Xocalı prospektində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib. Bina sakinləri hadisənin səbəbi ilə bağlı Baku TV-yə danışıblar.
Sakinlərdən birinin iddiasına görə, yanğına elektrik şəbəkəsinin hədsiz yüklənməsi səbəb olub: "Hərə öz evindən kabel sallayıb avtomobilini enerji ilə doldurmağa qoyur. Bu zaman elektrik xətləri gücə düşür. Baş verən yanğın da məhz bunun nəticəsidir".
Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini Taleh Babayev bildirib ki, yanğın şaxta boyunca yerləşən kabellərdə müşahidə edilib, lakin mənzillər tam şəkildə yanğından mühafizə olunub. Əməliyyat zamanı bina sakinləri tüstülənmiş zonadan təhlükəsiz yerə təxliyə ediliblər. Hadisə nəticəsində ciddi xəsarət alan olmayıb və yanğın qısa müddətdə söndürülüb.
Bakı şəhəri, Xətai rayonu, Xocalı, 29 ünvanındakı yaşayış binasında xəsarət alanların sayı səkkizə çatıb.
Oxu.Az bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinin və Kliniki Tibbi Mərkəzin birgə məlumatına istinadən xəbər verir.
Məlumatda bildirilir ki, yanğınla bağlı çağırış Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 11:10-da daxil olub:
"Çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən səkkiz nəfər (üç kişi, beş qadın) Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərə dərhal zəruri tibbi xidmətlər göstərilib, müvafiq laborator müayinələr təyin edilib.
Hazırda pasiyentlərin vəziyyəti orta ağır qiymətləndirilir".
Saat 11:10-da Bakı şəhəri, Xətai rayonu, Xocalı 29 ünvanından yanğın səbəbilə çağırış daxil olub.
Bu barədə Oxu.Az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən məlumat verilib.
Bildirilib ki, çağırış ünvanına dörd təcili tibbi yardım briqadası cəlb olunub:
"Təcili tibbi yardım briqadası tərəfindən yeddi nəfər (beş böyük, iki uşaq) tüstüdən zəhərlənmə diaqnozu ilə Toksikologiya Mərkəzinə hospitalizasiya olunub".
"Saat 11:10-da Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub".
Oxu.Az xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Talıb Babayev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, məlumat daxil olan kimi dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri, eləcə də Bakı Regional Mərkəzinin xilasediciləri hadisə yerinə cəlb olunublar:
"Görülmüş operativ tədbirlər nəticəsində yanğın qısa müddətdə söndürülüb. Yanğın zamanı binadakı mənzillər mühafizə olunub. Yanğın şaxtadakı kabellərdə baş verib. Yanğının söndürülməsi zamanı bina sakinləri təhlükəli zonadan təxliyə olunublar.
Hadisə nəticəsində 13 bina sakini təxliyə edilib, xəsarət alan yoxdur".
Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasının şaxtasında baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, təhlükəsizlik tədbirləri çərçivəsində bina sakinləri təxliyə ediliblər.
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Xocalı prospektində yerləşən yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.
Bununla bağlı Oxu.Az-a FHN-dən məlumat verilib.
Bildirilib ki, dərhal əraziyə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.
Əlavə məlumat veriləcək.