Bakının Nəsimi rayonunda yaşayış binasında baş verən yanğın zamanı bir nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
Bildirilib ki, avqustun 25-də saat 11:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Nəsimi rayonu, Cavadxan küçəsi, 21 ünvanından yanğın səbəbi ilə çağırış daxil olub:
"Hadisə yerinə dörd təcili tibbi yardım briqadası cəlb olunub. Tibb əməkdaşları tərəfindən üç qadına stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım göstərilib.
Bir qadın isə bədənin IV dərəcəli yanığı diaqnozu ilə Nərimanov Tibb Mərkəzinin nəzdindəki Yanıq Mərkəzinə hospitalizasiya olunub. Hazırda onun müalicəsi davam etdirilir, vəziyyəti ağır qiymətləndirilir".
Paytaxtda metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yerləşən yaşayış binasında baş verən yanğın söndürülüb.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Paytaxtda metronun "Memar Əcəmi" stansiyasının yaxınlığında yaşayış binalarından birində yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən briqadaları cəlb olunub.
Hadisənin başvermə səbəbi və xəsarət alanların olub-olmaması ilə bağlı hələlik rəsmi məlumat yoxdur.
Məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb.