Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda yaşayış evində baş verən dəhşətli partlayışda xəsarət alanların SON DURUMU açıqlandı
Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış zamanı xəsarət alanların son vəziyyəti məlum olub.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, xəsarət alan dörd nəfər (üçü qadın, biri kişi cinsli olmaqla) Nərimanov Tibb Mərkəzinin nəzdində fəaliyyət göstərən Yanıq Mərkəzinə hospitalizasiya olunub:
"Martın 6-da Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verməsi səbəbindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə müraciət qeydə alınıb. Dərhal hadisə yerinə briqadalar cəlb olunub.
Xəsarət alanlardan 2017-ci il təvəllüdlü (kişi cinsli) azyaşlıya bədən səthinin 80%-nin III-IV dərəcəli termiki alov yanığı şoku, 2018-ci il təvəllüdlü (qadın cinsli) azyaşlıya bədənin II-III dərəcəli termiki alov yanığı şoku, 1960-cı il təvəllüdlü (qadın cinsli) şəxsə üzün, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı, 1990-cı il (qadın cinsli) təvəllüdlü şəxsə üzün, boynun, hər iki yuxarı və aşağı ətrafların II-III dərəcəli termiki alov yanığı diaqnozları təyin edilib.
Hazırda 2017-ci il təvəllüdlü (kişi cinsli) şəxsin vəziyyəti kritik ağır, digər 3 nəfərin vəziyyəti isə ağır qiymətləndirilir.
Onların hər biri Reanimasiya şöbəsinə yerləşdirilib və müalicələri davam etdirilir.
Partlayışda xəsarət alan bir nəfərə isə yerində tibbi yardım göstərilib".

Əzizə İsmayılova
Bakı şəhəri, Sabunçu rayonu, Yusif Qasımov küçəsində fərdi yaşayış evində partlayış baş verib.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.
Hadisə yerində əməliyyat şəraitinin qiymətləndirilməsi zamanı ümumi sahəsi 80 kvadratmetr olan birmərtəbəli üçotaqlı fərdi yaşayış evində yanğınla nəticələnməyən partlayışın baş verdiyi müəyyən olunub.
Partlayış dalğasının təsirindən evə ciddi ziyan dəyib, 2-si uşaq olmaqla 5 nəfər xəsarət alıb.
FHN əməkdaşları tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Sumqayıtda reabilitasiya mərkəzindəki yanğın söndürüldü
- Ermənistan ordusunun Azərbaycanla sərhəddə təxribatının QARŞISI ALINDI
- Lənkəranda yanğın zamanı xəsarət alan ata və oğlunun SON DURUMU AÇIQLANDI
- Şəmkirdə YANĞIN: elektrik enerjisinin verilişi DAYANDI
- Bakıda sökülməkdə olan tikilidə baş verən yanğın söndürüldü