Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsində məişət tullantıları yığılan sahədə baş vermiş yanğının qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi ilə bağlı aidiyyəti qurumlarla birlikdə araşdırmalar aparılır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Cəsarət Qənbərli bildirib.
O qeyd edib ki, polis əməkdaşları tərəfindən ərazidə olan təhlükəsizlik kameralarındakı görüntülər təhlil olunur.
Məhərrəm Əliyev
Bakının Xətai rayonu, Əliağa Şıxlinski küçəsində məişət tullantıları yığılan sahədə baş vermiş yanğının təfərrüatı məlum olub.
Sakinlər hadisənin qəsdən törədildiyini iddia edirlər.
"Həyətə girəndə qoxu gəldi, çıxıb gördük ki, yanğın baş verib. Həmin ərazidə çarpayı var idi. Mənə elə gəlir ki, metal yığanlar onu aparmaq üçün oranı qəsdən yandırıblar", - zərərçəkən Maarif Əhmədov söyləyib.
Ətraflı Baku TV-nin süjetində:
Bakıda Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın söndürülüb.
FHN-in Mətbuat Xidmətindən Oxu.Az-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində təkər və məişət tullantıları yığılmış ərazidə baş vermiş yanğın hava şəraitinin küləkli və yayılma riskinin yüksək olmasına baxmayaraq genişlənməsinə, o cümlədən yaxınlıqda yerləşən tikililərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində 300kv.m. sahədə təkər və məişət tullantıları yanıb.
Yaxınlıqda yerləşən avtomobil təmiri sexi və fərdi yaşayış evi yanğından mühafizə olunub.
Bakının Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə başlayan yanğınla əlaqədar polis əməkdaşları, eləcə də dövlət yol polisinin naryadları hadisə yerinə cəlb ediliblər.
Bu barədə Oxu.Az-a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.
Bildirilib ki, polis əməkdaşları tərəfindən hadisə yeri mühafizə edilərək təhlükəsizlik tədbirləri görülür, sürücülərə alternativ yollarla hərəkət etmələri barədə istiqamətlər verilir.


Bakı şəhəri, Xətai rayonunda tullantılar yığılmış sahədə yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, yanğın General Əliağa Şıxlinski küçəsində qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda yanğının söndürülməsi istiqamətində tədbir görülür:
"Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, Ə.Şıxlinski küçəsində tullantılar yığılmış sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.
Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
Əlavə məlumat veriləcək".
Aygün Mirakif