Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.
Oxu.Az xəbər verir ki, xəsarət alanların hamısı Biləsuvar rayon sakinləridirlər.
Onlar 1978-ci il təvəllüdlü Elnur Əlixan oğlu İsayev, 1982-ci il təvəllüdlü Günay Valeh qızı İsayeva, 2006-cı il təvəllüdlü Nurlanə Elnur qızı İsayeva, 2010-cu il təvəllüdlü Elmira Elnur qızı İsayeva və 1992-ci il təvəllüdlü İqbal İlham oğlu Cəfərovdur.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Aytac Qasımova
Cəlilabadda avtomobilin kanala aşması nəticəsində xəsarət alanların vəziyyətləri açıqlanıb.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.
"İyunun 7-si saat 11:00-da yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan beş nəfər (ikisi kişi, üçü qadın cinsli olmaqla) Cəlilabad Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Xəsarət alan şəxslərin hazırkı vəziyyətləri stabil olaraq qiymətləndirilir", - məlumatda qeyd olunub.
Aygün Mirakif
Cəlilabad rayonunda baş verən yol-nəqliyyat hadisəsində beş nəfər yaralanıb.
Oxu.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə-Günəşli yolunda qeydə alınıb.
Günəşli istiqamətində hərəkətdə olan "Ford" markalı nəqliyyat vasitəsi idarəetmədən çıxaraq yol kənarındakı kanala aşıb. Nəqliyyat vasitəsində olan altı nəfərdən beşi müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlara zəruri ilkin tibbi xidmətlər göstərilib. Yaralılardan üç nəfəri ambulator müalicə üçün evə buraxılıb, iki nəfərin müalicəsi xəstəxanada davam etdirilir.
Qeyd edək ki, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri də cəlb olunublar.
Faktla bağlı araşdırma aparılır.
