Bakıda kütləvi dava zamanı "Ceyhun Sabunçu" ləqəbli şəxsin qətlə yetirilməsində təqsirləndirilən şəxslərin kimliyi dəqiqləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) məlumat yayıb.
Saxlanılan şəxslər 2002-ci il təvəllüdlü Emin Qoşqar oğlu Rəhimov və 1993-cü il təvəllüdlü Elmar Şücaət oğlu Cəfərovdur.
Qətli törədərək hadisə yerindən qaçıb gizlənən həmin şəxslər DTX-nın keçirdiyi peşəkar əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilərək saxlanılıblar.
Xətai rayonundakı restoranların birində baş verən ağır cinayətlə əlaqədar təqsirləndirilən bu şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanının təqdimatına baxılıb. Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Xatırladaq ki, daha əvvəl qeyd edildiyi kimi, hadisə yerində olan, cinayətkar aləmin qaydalarına uyğun həyat tərzi keçirməklə mütəmadi qanunsuz fəaliyyətlə məşğul olan şəxslər də müəyyən edilib. Onların kriminal araşdırmalar aparmaqla hədə-qorxu yolu ilə pul tələb etdikləri, cinayətkar dairələrdə nüfuz qazanmaq və tələblərinə tabe olmayan şəxsləri sərt cəzalandırmaq məqsədilə odlu, həmçinin soyuq silahlardan istifadə etməklə qəsdən sağlamlığa ağır zərər vurulması məqsədilə cinayətkar birlik yaratdıqları və onun fəaliyyətində iştirak etdikləri müəyyənləşdirilib.
Baş Prokurorluğun və Daxili İşlər Nazirliyinin istintaq qrupunun birgə keçirdiyi tədbirlər nəticəsində həmin şəbəkənin digər 11 üzvü də saxlanılıb.
Cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Bakıda restoranda qətllə nəticələnən kütləvi davada təqsirləndirilən daha iki nəfər - Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov barəsində həbs qətimkan tədbiri seçilib.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə hər iki şəxs barəsində dörd aylıq həbs qətimkan tədbiri tətbiq edilib.
Onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.1-ci (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilirlər.
Bakıda restoranda qətllə nəticələnən kütləvi davada təqsirləndirilən daha iki nəfər - Emin Qoşqar oğlu Rəhimov və Elmar Şücaət oğlu Cəfərov hakim qarşısına çıxarılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, adıçəkilən şəxslər barələrində həbs qətimkan tədbiri seçilməsi məqsədilə Binəqədi Rayon Məhkəməsinə gətiriliblər. Hazırda məhkəmə onların həbsi ilə bağlı istintaq orqanının təqdimatına baxır.
Xatırladaq ki, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən "Ab-Hava" restoranında kütləvi dava olub. Dava zamanı 43 yaşlı C.Mirağayev bıçaq xəsarətləri ilə qətlə yetirilib.
Hadisə ilə bağlı polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bağlı 11 nəfər - əvvəllər məhkum olunmuş Ramil Dadaşov, Eldar Eldarov, Əhməd Əlizadə, İsmayıl Kazımov, Həsən Zülfüqarov, Fərid Əyyublu və Xəyyam Səfixanov, Mikayıl İsmayılov, Kamran Əfəndiyev, Elvin Səfərov və Elmar Nuriyev saxlanılıb və onların barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.
Həbs edilənlərdən Əhməd Əlizadə Milli Məclisinin deputatı Arzuxan Əlizadənin oğludur.