Biləsuvarda avtoqəzada həlak "Ford Transit"in sürücüsünün sükan arxasında yuxuladığı ehtimal olunur.
Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, iyunun 2-si saat 23 radələrində Ələt-Astara avtomobil yolunun 90-cı kilometrində, Biləsuvarın Xırmandalı kəndinin ərazisində Ələddin Babayevin idarə etdiyi "Ford Transit" markalı avtomobil qarşıda gedən - Kəramət Ağayevin idarə etdiyi "Mercedes" markalı yük avtomobili ilə toqquşub. Qəza nəticəsində "Ford"un sürücüsü hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır.
Eyni istiqamətdə, eyni zolaqda hərəkət edən nəqliyyat vasitələrinin bu şəkildə toqquşması sürücülərin yorğun, yuxusuz, yaxud idarəetmə zamanı diqqəti yayındıran hərəkətlərə aludə olmasından xəbər verir. Sözügedən yol-nəqliyyat hadisəsində də sürücünün sükan arxasında yuxulaması ehtimal olunur.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları avtomobil idarə edərkən diqqəti yayındıran hərəkətlərdən çəkinməyə, yorğun, yuxusuz halda sükan arxasına keçməməyə, yol hərəkəti qaydalarına, iş və istirahət rejiminə ciddi əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının təhlükəsizliyinə, həyat və sağlamlığına biganə yanaşmamağa çağırır.