"1984-cü ildə baş verən Amritsar hadisələri Hindistanda etnik azlıqlara qarşı mövcud olan real münasibəti və yanaşmanı əks etdirirdi və Hindistanda etnik azlıqlara qarşı həyata keçirilən repressiya, diskriminasiya siyasətinin tarixində dönüş nöqtəsi oldu".
Oxu.Az xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov Bakı Dövlət Universitetində keçirilən "İyun 1984, Amritsar hadisələri: Hindistanın etnik azlıqlara qarşı transmilli repressiyaları soyqırımı kontekstində" adlı beynəlxalq konfrans çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu hadisələrdən sonra, təəssüf ki, siqh icmasının təxminən beş milyon üzvü ölkəni tərk etməyə məcbur qalıb:
"Onlar ABŞ, Böyük Britaniya və Kanadada böyük diaspor təşkilatları yaradaraq öz legitim mübarizələrinə başladılar. Daha sonra repressiya və diskriminasiya siyasəti Hindistan hökuməti tərəfindən ölkə hüdudlarından kənarda da tətbiq olunmağa başladı. Təəssüf ki, onlar masa arxasında dialoq və danışıqlar yolu əvəzinə siqh icmasına qarşı transmilli repressiya siyasətinə üstünlük verdilər. Sonrakı mərhələdə isə bu yanaşma digər etnik azlıqlara və aşağı kastalara mənsub insanlara da şamil edilməyə başladı".