Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gəncədə bir ailənin beş üzvü ZƏHƏRLƏNDİ: Araşdırmalara başlanılıb
"Daxil olan məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin Gəncə-Daşkəsən regional bölməsi tərəfindən məsələ nəzarətə götürülüb".
Bu məlumat Qida Təhlükəsizliyi Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib.
"Baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Agentliyin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. Əlavə məlumat veriləcək", - deyə məlumatda qeyd edilib.
Gəncə şəhərində zəhərlənən şəxslərin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, aprelin 22-si, saat 07:30-da beş nəfər (dörd qadın, bir kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
"Funksional mədə-bağırsaq pozğunluğu diaqnozu təyin edilən pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - məlumatda deyilir.
Əzizə İsmayılova
Gəncədə bir ailənin beş üzvü xiyardan zəhərlənib.
Oxu.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Şəhər sakini 1992-ci il təvəllüdü Elvin Ramazanov, həyat yoldaşı 1994-cü il təvəllüdlü Şəkər Ramazanova, övladları 10 yaşlı Rəbiyə Ramazanlı, 9 yaşlı Rüqayyə Ramazanlı və 3 yaşlı Zeynəb Ramazanlı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər.
Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta ağırdır.
İlkin məlumata görə, həmin şəxslər bazardan alınan xiyardan zəhərlənib.