Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Baş Prokurorluq Gəncədəki partlayışla bağlı məlumat yaydı
Gəncədə bir nəfərin ölümü və digər şəxsin xəsarət alması ilə nəticələnən yanğınla bağlı araşdırma aparılır.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, mayın 12-də Gəncə şəhəri, Fikrət Əmirov küçəsi, 22/22 ünvanında yerləşən beşmərtəbəli binanın birinci mərtəbəsindəki mənzildə baş vermiş yanğın nəticəsində 1967-ci il təvəllüdlü Adil Əliyevin ölməsi və 1961-ci il təvəllüdlü Gülnaz Şahməmmədovanın xəsarət alması barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən prokuror-kriminalist və məhkəmə-tibbi eksperti ilə birlikdə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin ehtimallara əsasən, yanğın tezalışan məhlulun alovlanması nəticəsində baş verib.
Faktla bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılır.
Hadisənin təfərrüatının tam, obyektiv və hərtərəfli araşdırılması istiqamətində operativ tədbirlər həyata keçirilir və müvafiq qərarın qəbul olunması təmin ediləcək.

Gəncə şəhərində ölümlə nəticələnən partlayışın bəzi təfərrüatı məlum olub.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, hadisə baş verən ev hadisədə ölən Adil adlı şəxs tərəfindən kirayəyə götürülübmüş və o, həmin evə həftədə bir-iki dəfə gəlirmiş.
Qonşuların dediyinə görə, Adil adlı ortayaşlı kişi ailəli olub və başqa yerdə yaşayırmış. Bu evi isə o, sevgilisi ilə görüşmək üçün kirayələyibmiş. Hadisə zamanı Adillə mənzildə olan 64 yaşlı qadın isə onun uzunmüddətli sevgilisi olub.
Məlumata görə, hadisədən bir neçə gün qabaq Adil həmin qadınla dalaşıbmış. Dünən axşam saatlarında onlar yenidən həmin evdə görüşüblər və qadın Adildən pul istəyib. Adil isə qadına vermək üçün pulunun olmadığını deyib. Nəticədə aralarında mübahisə baş verib.
Hadisədən sonra qadın mətbəxə keçərək qazı açıq qoyaraq evi tərk etmək istəyib. Qadın evdən çıxarkən tərəflər arasında yenidən mübahisə başlayıb və Adil qadına bıçaqla xəsarət yetirib. Mübahisə sakitləşəndən sonra kişi mətbəxdən balkona çıxmaq istəyərkən siqaret yandırıb və nəticədə partlayış baş verib.
Aqil Vəlili
Gəncədə mənzildə yanğın törədən Adil adlı şəxs bir müddət öncə ev yiyəsi, bıçaqlanan 1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədovadan pul istəyib, ancaq istədiyi pulu ala bilməyib.
Oxu.Az bu barədə Musavat.com-a istinadən xəbər verir.
Məlumata görə, qadına pula görə hədə-qorxu gəldiyi üçün Gülnar Şahməmmədova ondan polisə şikayət edib. Daha sonra Adil qadının evinə gedib və aralarında mübahisə yaranıb.
Mübahisədən sonra o, qadına bıçaqla xəsarət yetirib, evi də yandırıb. Baş verən yanğın nəticəsində özü dünyasını dəyişib.

Gəncədə yanğın hadisəsindən öncə bıçaqlanma nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, mayın 12-si, saat 14:00-da 1961-ci il təvəllüdlü şəxs (qadın cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Sağ biləyin kəsilmiş yarası diaqnozu təyin edilən pasiyentə zəruri tibbi yardımlar göstərilib. Vəziyyəti stabildir, müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova
Gəncədə baş verən yanğınla bağlı təfərrüat məlum olub.
Oxu.Az Musavat.com-a istinadən xəbər verir ki, hadisə şəxsi zəmində baş verib.
Belə ki, mənzildə olan kişi əvvəlcə qadını bıçaqlayıb, sonra isə evi yandırıb. Nəticədə özü ölüb.
1961-ci il təvəllüdlü Gülnaz Saleh qızı Şahməmmədova xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Gəncə şəhərində yanğın beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşən, ümumi sahəsi 36 m² olan mənzildə baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Qeyd olunub ki, F.Əmirov küçəsində baş verən yanğına görə dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Gəncə şəhər Yanğından Mühafizə İdarəsinin qüvvələri cəlb ediliblər.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində birotaqlı mənzildə baş vermiş yanğın genişlənməsinə, həmçinin digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində müxtəlif dərəcəli yanıq xəsarətləri alan bir nəfər yanğınsöndürənlər tərəfindən xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib, bir nəfər ölüb.
FHN-in qüvvələri tərəfindən, həmçinin hadisə yerində zəruri təhlükəsizlik tədbirləri görülüb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Gəncədə evdə partlayış olub.
Oxu.Az xəbər verir ki, hadisə Fikrət Əmirov küçəsində qeydə alınıb.
Belə ki, sözügedən ərazidə yerləşən beşmərtəbəli yaşayış binasının ikinci mərtəbəsində anidən partlayış olub.
Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər isə xəsarət alıb. Onların şəxsiyyəti hələ ki dəqiqləşməyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar.
Əzizə İsmayılova
"Partlayış hadisəsi" teqi üzrə xəbərlər
- Yaponiyada su elektrik stansiyasının ərazisində tuneldə partlayış olub
- Gəncədə hamamda xəsarət alan qadının vəziyyəti AÇIQLANDI
- Çinin fişəng fabrikində partlayış: Doqquz nəfər yaralanıb, iki nəfər itkin düşüb
- Hindistanda gəmidə PARTLAYIŞ: İtkin düşənlər var
- Hindistanda fişəng fabrikində partlayış: Beş nəfər ölüb, onlarla insan yaralanıb