Göygöl rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə mayın 11-də saat 02:20 -də beş nəfər (kişi) Göygöl Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə ilkin tibbi yardım göstərilib. Onlar daha ixtisaslı tibbi xidmət almaq üçün Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Z.Məmmədov adına xəstəxanaya təxliyə olunublar. Zəruri tibbi xidmətlər göstərilən şəxslərin vəziyyətləri stabil qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova
Göygöldə yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, qəza rayon mərkəzindəki küçələrdən birində qeydə alınıb.
Belə ki, avtomobil idarəetmədən çıxaraq yol kənarındakı işıq dirəyinə çırpılıb. Hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətinin kafi olduğu bildirilir.
Xəsarət alanların 2000-ci il təvəllüdlü Ə.İsmayılov, 2001-ci il təvəllüdlü C.Bəylərov, 2003-cü il təvəllüdlü E.Həsənov, 2006-cı il təvəllüdlü E.Quliyev və 2001-ci il təvəllüdlü V.Bəylərov olduğu qeyd edilir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.