Hacıqabulda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, sentyabrın 7-si, saat 22:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Hacıqabul rayonu, Nəvahi ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
"Dərhal təcili tibbi yardım briqadası çağırış ünvanına cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 2004 və 2005-ci il təvəllüdlü (qadın cinsli) şəxslərə ilkin tibbi yardım göstərilib və müştərək travmalar diaqnozu ilə Şirvan Şəhər Mərkəzi Xəstəxanasına hospitalizasiya olunublar.
Tibb müəssisəsində pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti stabil olan şəxslər ambulator müalicə üçün evə buraxılıblar", - deyə məlumatda bildirilib.
Hacıqabulda yol-nəqliyyat hadisəsi olub.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax magistral yolunun rayonun Nəvahi kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı üç nəfər müxtəlif dərəcəli xəsarət alıb.
Hadisə yerinə təcili-tibbi yardım briqadası cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.