Hökməli-Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı üçə çatıb.
Bu barədə Oxu.Az-a Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Qeyd olunub ki, dekabrın 8-də saat 09:30-da Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisində yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbi ilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən iki nəfərin (kişi) həkiməqədər ölüm faktı, bir nəfərin (qadın) isə xəstəxanayaqədər ölüm faktı qeydə alınıb.
Məhərrəm Əliyev
Bu gün saat 08:35-də Abşeron rayonunun Qobu qəsəbəsi ərazisindən keçən avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsinin anbaan görüntüsü yayılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb.
"MAN markalı yük avtomobilini idarə edən Umudvar Abbasov yağışlı hava şəraitini və sürət rejimini nəzərə almadan sərt döngəyə daxil olarkən idarəetməni itirib və qarşıdan gələn "Toyota" markalı minik avtomobili ilə toqquşub.
Hadisə nəticəsində "Toyota" markalı avtomobilin sürücüsü Zaur Məmmədov və sərnişini Mariyə Məmmədova hadisə yerində həyatlarını itiriblər, digər sərnişin Mübarək Məmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır", - qeyd edilib.
Məlumata görə, təhlillər göstərir ki, yolun sürüşkən olduğu hava şəraitində nəqliyyat vasitələrinin tormozlanma məsafəsi əhəmiyyətli dərəcədə artır, idarəetmə çətinləşir və kəskin manevrlər qəza riskini ciddi şəkildə yüksəldir. Belə hallarda sürət rejiminin pozulması, eləcə də nəqliyyat vasitəsinin texniki vəziyyətinə lazımi nəzarətin edilməməsi ağır nəticələrə səbəb olur:
"Yağışlı və sürüşkən yol şəraitində sürücülər:
- hərəkət sürətini yol və hava şəraitinə uyğun seçməli;
- kəskin və riskli manevrlərdən çəkinməli;
- nəqliyyat vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasını, xüsusən də təkərlərin mövsümə uyğun seçilməsini təmin etməlidirlər.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, idarəetmə zamanı diqqətsizlik, yol və hava şəraitinin düzgün qiymətləndirilməməsi kimi qayda pozuntularının əksər hallarda ağır nəticələrə səbəb olduğunu bir daha xatırladır və sürücüləri bu acı hadisələrdən düzgün nəticə çıxarmağa çağırır".
Hökməli-Qobu yolunda baş verən ağır yol-nəqliyyat hadisəsində ölənlərin sayı artıb.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, qəza zamanı yük maşını ilə toqquşan "Toyota Prius" markalı nəqliyyat vasitəsində olan qadın təcili tibbi yardım avtomobili ilə xəstəxanaya aparılarkən yolda həyatını itirib.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Hökməli-Qobu yolunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, hadisə zamanı yük avtomobili minik avtomobili ilə toqquşub.
Toqquşmanın təsiri nəticəsində minik avtomobilinin sürücüsü Zaur Əliyev aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.