Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bu gün səhər saatlarında Lənkəran rayonunda marketdə baş verən partlayış nəticəsində xəsarət alan şəxsin vəziyyətini açıqlayıb.
TƏBİB-dən Oxu.Az-a verilən məlumatda bildirilir ki, 28.05.2025-ci il tarixində saat 08:20-də Lənkəran rayonunda baş vermiş partlayış nəticəsində başın, kürəyin, yuxarı ətrafın, hər iki əlin 1-ci və 2-ci dərəcəli termiki yanığı, yanıq şoku diaqnozu ilə bir nəfər Lənkəran Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunub.
Yaralıya zəruri ilkin tibbi xidmətlər göstərilib, vəziyyətinə uyğun olaraq Reanimasiya şöbəsinə yerləşdirilib.
Daha ixtisaslı tibbi xidmət üçün o, Nərimanov Tibb Mərkəzinin tərkibində fəaliyyət göstərən Yanıq Mərkəzinə təxliyə olunub.
Məhərrəm Əliyev
Lənkəran rayonunun Şovu kəndində partlayış baş verən marketin xəsarət alan sahibi Mahir Cəbrayılovun vəziyyəti ağırdır.
Oxu.Az-ın məlumatına görə, partlayış nəticəsində sahibkar iki qolu, sifəti və baş nahiyəsindən ağır yanıq xəsarətləri alıb. Lənkəran şəhər Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən M.Cəbrayılova tibbi yardım göstərilsə də, xəsarətlərin ağırlığı nəzərə alınaraq onun Bakıya köçürülməsi qərara alınıb. M.Cəbrayılov təcili tibbi yardım briqadası ilə Bakı Yanıq Mərkəzinə köçürülüb.
Lənkəran rayonunun Şovu kəndində partlayış baş verən marketin xəsarət alan sahibi şəhid qardaşıdır.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində xəsarət alan Mahir Cəbrayılov şəhid Mail Cəbrayılovun qardaşıdır. Mail Cəbrayılov 1994-cü ildə torpaqlarımızın müdafiəsi zamanı şəhid olub.
M.Cəbrayılovun anası onkoloji, atası isə ağır yataq xəstəsidir. Hər iki şəxs xəsarət alan Mahir Cəbrayılovun himayəsindədir.
Xəsarət alan Mahir Cəbrayılov ailəlidir, dörd uşaq atasıdır.
Lənkəran rayonunun Şovu kəndində baş verən partlayışın təfərrüatı məlum olub.
Oxu.Az-ın məlumatına görə, hadisə səhər saatlarında baş verib. Mağazaya gələn sahibkar obyektin qapısını açıb. O, içəri daxil olarkən mağazanın işıqlarını yandırmaq istəyib və bu vaxt anidən partlayış olub.
Məlumata görə, partlayışa səbəb mağazadakı iki soyuducu olub. Belə ki, köhnə olan soyuducularda nasazlıq yaranıb və soyutma balonundakı maye qaz marketə dolub. Səhər saatlarında sahibkar Mahir Cəbrayılov marketin işığını yandırarkən partlayış baş verib.
Hadisə nəticəsində M.Cəbrayılov ağır yanıq xəsarətləri alıb.
Aqil Vəlili
Lənkəran rayonunda marketdə partlayış olub.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə rayonun Şovu kəndində baş verib.
Belə ki, işə gələn Mahir Cəbrayılov marketə daxil olaraq işığı yandırıb və bu zaman partlayış olub. Partlayış nəticəsində M.Cəbrayılov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Marketə ciddi ziyan dəyib.
Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və reanimasiya şöbəsinə yerləşdirilib.
İlkin ehtimala görə, partlayışa qaz sızması səbəb olub. Fakt üzrə araşdırma davam etdirilir.