Lənkəranın Hirkan-Daştatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi davam edir.
Baku TV-nin xəbərinə görə, sürüşmə zonası daha da genişlənib, yolda iri çatlar və çökmələr yaranıb. Ərazidəki irigövdəli ağaclardan biri də kökündən qoparaq aşıb.
Hazırda yolun hər iki hərəkət istiqaməti yararsız vəziyyətə düşdüyündən sürücülər həmin hissədən çətinliklə keçirlər.
Sakinlərin sözlərinə görə, bu yol yeddi kəndin əsas nəqliyyat bağlantısıdır və alternativ yol yoxdur.
"Yol sürüşür, ağaclar da aşıb. Bu vəziyyətdə hərəkət etmək çox təhlükəlidir. Yuxarı kəndlərə çıxmaq mümkün deyil", - deyə sakinlər bildiriblər.
Lənkəran rayonu ərazisindəki Hirkan-Daşdatük-Biləsər avtomobil yolunda torpaq sürüşməsi yenidən aktivləşib.
Oxu.Az "Report"a istinadən xəbər verir ki, rayonun dağlıq və dağətəyi hissəsində yerləşən Hirkan-Daştatük-Biləsər yolunda sürüşmə zolağı genişlənib.
Nəticədə bir neçə kəndin rayon mərkəzinə çıxışını təmin edən həmin yolun hərəkət zolağında çökmələr əmələ gəlib, nəqliyyatın hərəkəti üçün ciddi təhlükə yaranıb.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) ərazinin nəzarətdə saxlanıldığı, geoloji-kəşfiyyat işləri aparıldıqdan sonra bərpa tədbirləri ilə bağlı təkliflərin hazırlanaraq aidiyyəti qurumlara təqdim olunacağı bildirilib.