Bu gün, saat 08:40-da Lənkəran-Lerik avtomobil yolunun 53-cü kilometrində Lerik rayonu, Kələxan kənd sakini Pərvaz Məmmədovun idarə etdiyi "Mercedes Vito" mikroavtobusu yoldan çıxaraq dərəyə aşıb.
Oxu.Az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.
Bildirilib ki, qəza nəticəsində P.Məmmədovun həmkəndliləri olan altı nəfər sərnişinindən ikisi xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
Sürücünün sükan arxasında yuxuladığı ehtimal olunan sözügedən avtomobil qəzası bir daha deməyə əsas verir ki, yorğun, yuxusuz halda sükan arxasına əyləşmək həyat və sağlamlıq üçün hər zaman ciddi təhdiddir.
Həmçinin BDYPİ sürücülərə, xüsusilə sərnişin və yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edərək onları hərəkət zamanı istirahət rejiminə ciddi əməl etməyə, bayram günlərinin xoş təəssüratlarla yadda qalması üçün verilən tövsiyələrə əməl etməyə çağırıb.
Lerikdə mikroavtobusun dərəyə aşması nəticəsində xəsarət alan şəxslərin son vəziyyəti açıqlanıb.
Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, dekabrın 31-də, saat 10:15-də Lerik rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan yeddi nəfər (biri qadın, altısı kişi) olmaqla Lənkəran Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxlu travması diaqnozları təyin olunub. Hazırda pasiyentlərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Vəziyyətləri stabil olaraq qiymətləndirilir", - deyə məlumatda vurğulanıb.
Əzizə İsmayılova
Lerikdə mikroavtobus dərəyə aşıb, altı nəfər xəsarət alıb.
Oxu.Az "Report"a istinadla xəbər verir ki, hadisə Lerik rayonu ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes Vito" mikroavtobusu idarəetməni itirərək dərəyə aşıb. Avtomobildə olan sürücü və sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Xəsarət alanlardan altı nəfəri Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub. İlkin məlumata görə, onlar Bakıdan Lerikə gedirmişlər.
Faktla bağlı araşdırma aparılır.
