Vəkil Bəhruz Bayramova məxsus mənzildən oğurluq edilməsi ilə bağlı polisə daxil olan müraciət araşdırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbus İbrahimov bildirib ki, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Fariz Murad oğlu Muradov saxlanılıb.
Qeyd edək ki, oğurlanan əşyalar maddi sübut kimi aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
Tanınmış vəkil Bəhruz Bayramovun evi qarət olunub.
Oxu.Az xəbər verir ki, bu barədə Gununsesi.info-ya vəkil özü məlumat verib.
Bəhruz Bayramovun sözlərinə görə, Bakının Binəqədi Rayonu Rəsulzadə qəsəbəsindəki həyət evinə girən oğrular mənzildən əsas əşyaları aparıblar: "Televizor, xalçalar, kombi, qab-qacaqlar, bahalı suvenirlər və sair məişət əşyalarını aparıblar. Mənə ən çox təsir edən mərhum anamın yadigarı olan qədimi xalçanın oğurlanmasıdır".
Bəhruz Bayramov bildirib ki, hadisə yerinə polis çağırılıb:
"İki saata yaxın araşdırma apardılar. Ekspert də gəlmişdi, əl-ayaq izləri götürdülər. İstintaq hərəkətləri apardılar. İnanıram ki, polis bu cinayətin üstünü açacaq".