İyul ayında Fransada Tarn, Kot-d'Or və Aşağı Reyn departamentlərində üç muzey qarət edilib.
Oxu.Az xəbər verir ki, bu hadisələr barədə məlumatı "Le Parisien" nəşri yayıb.
Nəşr xəbər verir ki, iyulun 1-i gecə saatlarında Tarn departamentinin Montana arxeoloji mərkəzinə hücum edilib və anbar qapısı sındırılıb. Cəmi 15 dəqiqəyə yaxın vaxt ərzində oradan eradan əvvəl 50-ci ilə aid 40-a yaxın qədim sikkə oğurlanıb. Nəticədə mərkəzə dəyən zərər 120 min avrodan (təxmini 233 min manat) artıq olub.
Hadisədən dörd gün sonra isə cinayətkarlar Vinjen-syur-Moder kommunasında yerləşən "Lalique" muzeyinə daxil olaraq 27 ədəd zinət əşyasını oğurlayıblar. Soyğunçular balta və çəkicdən istifadə edərək altı sərgi vitrinini darmadağın ediblər. Onlar 10 dəqiqəlik əməliyyatla muzeyə 4,5 milyon avrodan (təxmini 8 milyon 800 min manat) çox ziyan vurmağa nail olublar.
Ən son qarət iyulun 24-də Kot-d'Or departamentinin Şatiyon-syur-Sen kommunasındakı diyarşünaslıq muzeyində baş verib. İki soyğunçu vitrini sındıraraq əvəzsiz tarixi dəyərə malik "Viks xanımının" qızıl boyunbağısını ələ keçirib. Qeyd edək ki, eradan əvvəl V əsrə aid olan bu unikal bəzək əşyasının çəkisi 480 qrama bərabərdir. Nəşrin məqaləsində vurğulanır ki, cinayətdə şübhəli şəxs qismində axtarılanlardan birini saxlamaq mümkün olub.