Amerika Birləşmiş Ştatlarının rəhbərliyi ilə İsrail və Livan arasında danışıqların növbəti mərhələsi 4-6 avqust tarixlərində Romada keçiriləcək. Livanın cənubunda ilk pilot zonanın uğurla işə salınmasından və iyulun 21-də Livan Prezidenti Cozef Aunun ABŞ-li həmkarı Donald Trampla görüşündən sonra İsrail-Livan məsələsi istiqamətində əhəmiyyətli irəliləyiş müşahidə olunur. ABŞ Dövlət Departamentinin məlumatına görə, üçtərəfli çərçivə sazişi İsrail və Livan arasında davamlı sülhə aparan yeganə yoldur və onun tam tətbiqi hər iki ölkənin açıq maraqlarına uyğundur.

Maraqlıdır ki, ABŞ Prezidenti Donald Tramp da ötən həftə İrana qarşı növbəti hücum planını imzalamayıb və zərbələrin dayandırılmasını tapşırıb. Bu addım həm hərbi əməliyyatların müəyyən nəticə verməsi, həm də diplomatik kanalların açıq saxlanılması istəyi ilə əlaqələndirilir. Vaşinqtondan gələn bu siqnallardan sonra İranın xarici işlər naziri Abbas Əraqçı da bildirib ki, Tehran region ölkələrini düşmən hesab etmir, hərbi addımlar yalnız ABŞ-yə qarşı yönəlib. O, münaqişədən sonra qonşularla etimadın bərpası və dialoqun davam etdirilməsinin İran üçün prioritet olduğunu qeyd edib.
Bu açıqlamalar göstərir ki, həm Vaşinqton, həm də Tehran hərbi fasilə fonunda diplomatik imkanları açıq saxlamağa çalışırlar. Bunun davamı olaraq Livan-İsrail münasibətlərinin tənzimlənməsinə edilən cəhdlər də prosesin davamı kimi qiymətləndirilir. Çünki İranın nüvə proqramı fonunda Livanla münasibətlərin tənzimlənməsi də danışıqlarda Tehran üçün prioritetdir. Bu baxımdan, ehtimal edilir ki, görüşün nəticəsi İran-ABŞ danışıqları üçün həlledici rollardan birini oynaya bilər.
Siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Əlimusa İbrahimov mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında deyib ki, Livan-İsrail münasibətlərinin İran-ABŞ danışıqları üçün ciddi əhəmiyyət kəsb etdiyi məlumdur:

"İranın İsrailin Livandakı əməliyyatlarının dayandırılmasını Amerika Birləşmiş Ştatları ilə danışıqlar mövzusuna salması da dediyimizə sübutdur. Amma Livan-İsrail danışıqlarında bu məsələnin həlledici əhəmiyyət daşıyacağını təsdiq etmək mümkün deyil. İran İsrailin Livandakı əməliyyatlarına görə danışıqlar prosesini ləngidə bilər. Prosesin məhz buna görə dayandırıla biləcəyini isə düşünmürəm.
ABŞ-nin bu danışıqlara ciddi əhəmiyyət verməsi təkcə İranın tələbləri ilə bağlı deyil. Vaşinqton İsrailin həm Livanda, həm də digər qonşu ölkələrdə güc nümayişinin əleyhinədir və bu məsələdə İsraili müəyyən qədər dayandırmaq istəyir. Çünki İsrailin Livan, Suriya, İraqdakı əməliyyatları ABŞ-nin Yaxın Şərqdə yeritdiyi siyasətin qarşısını alır. Buna görə də Tramp Livanla münasibətdə Netanyahuya təzyiqlərini davam etdirəcək və İsrailin hərbi əməliyyatları dayandırmasına nail olacaq. Bu da öz növbəsində İranla danışıqlarda ABŞ-yə əlavə təsir mexanizmi verəcək".
"ABŞ ilə İranın danışıqları davam etdirməsinə gəlincə, bu, Trampın hərbi, iqtisadi-siyasi vəziyyəti analiz etdikdən sonra çıxaracağı qərardan asılı olacaq. Son hücumlar İranın ABŞ qarşısında geri çəkilmək fikrində olmadığını bir daha sübut etdi. Belə olan surətdə Vaşinqton ya son hücumlardan sonra yaranan status-kvonu qəbul edərək İranın şərtləri daxilində danışıqlara başlamağı qəbul etməli, ya da əlavə resurs axtarışına çıxıb müharibəni davam etdirməlidir. Variantlardan heç biri ABŞ üçün uyğun görünmür", - müsahibimiz əlavə edib.