Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yük maşınının aşması nəticəsində baş verən ağır yol-nəqliyyat hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az-ın ədə etdiyi məlumata görə, Laçın rayonunun Kamallı kəndində daimi qeydiyyatda olan, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1985-ci il təvəllüdlü Xudayar Əhliman oğlu Səmədov "Mersedes Atego" markalı, 88-BG-741 dövlət qeydiyyat nömrə nişanlı yük avtomobili ilə İmişli rayonu ərazisindəki mal bazarından Bakı şəhərinə gəlirmiş.
O, Bakı-Ələt yolunda idarəetməni itirərək yük maşınını aşırıb.
Avtoqəza nəticəsində sürücü Xudayar Səmədov və sərnişinləri - Laçın rayonunun Kamallı kənd sakinləri, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Qarabağ küçəsində məskunlaşan, 1972-ci il təvəllüdlü İzahat Mətləbxan oğlu Məmiyev, Xətai rayonu, Mirzə Davud küçəsində məskunlaşmış, 1978-ci il təvəllüdlü Rahib Muradxan oğlu İsfəndiyarov və Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Bakı şəhəri, Xətai rayonu, Neftçilər parkı adlanan ərazidə məskunlaşmış,1981-ci il təvəllüdlü Vüqar Telman oğlu Hüseynov hadisə yerində ölüblər.

Hadisə nəticəsində xəsarət alan digər sərnişin, Laçın rayonunun Qarakeçdi kənd sakini, müvəqqəti olaraq Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə məskunlaşmış,1984-cü il təvəllüdlü Alyoşa Vəzir oğlu Bəşirov ağır xəsarətlərlə 1 saylı Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub, vəziyyəti ağırdır.