Qax rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanlardan birinin vəziyyəti ağırdır.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib. Məlumatda bildirilir ki, hadisə zamanı xəsarət alan 4 nəfər (kişi) oktyabrın 6-da saat 04:15-də Qax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Qeyd olunub ki, onlara başın və bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu təyin edilib:
"Hazırda xəsarət alan şəxslərdən 4 nəfərin müalicəsi tibb müəssisəsinin müvafiq şöbəsində davam etdirilir. Bir nəfərin vəziyyəti ağır, üçünün vəziyyəti stabil qiymətləndirilir.
Hadisə nəticəsində 2009-cu il təvəllüdlü yeniyetmənin (kişi) həkiməqədər ölüm faktı qeydə alınıb".
Sürücülük hüququ olmadan avtomobil idarə edən gəncin sürət həddini aşması digərinin həyatına son qoyub.
Oxu.Az Baş Dövlət Yol Polisi İdarəsinə istinadən xəbər verir ki, bu gün saat 02:45-də Qax şəhəri ərazisində, şəhər sakini 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi "Opel" markalı avtomobili maneəyə vurması nəticəsində sərnişini - 17 yaşlı həmyerlisi Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Avtomobildə olan digər sərnişinlər - Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə isə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Faktla bağlı araşdırma aparılır.
İlkin ehtimala görə, hadisəyə səbəb yüksək sürət amili göstərilir. Belə ki, anidən idarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, sonra isə qarşı hərəkət zolağına çıxaraq yaşayış evinin divarına çırpılıb.
Qax rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az-ın məlumatına görə, hadisə oktyabrın 6-da gecə saat iki radələrində qeydə alınıb.
Rayon sakini Kamran Məmmədovun "Opel" markalı avtomobili idarəetmədən çıxaraq əvvəlcə dirəyə, daha sonra divara çırpılıb. Nəticədə 17 yaşlı sərnişin E.Muxtarov ölüb, digər sərnişinlər 16 yaşlı Z.Şahmalıyev, 18 yaşlı Mürsəl Muxtarov, 20 yaşlı Şahmalı Abdulətif və 18 yaşlı Ərhan Əlizadə xəsarət alıb.
Faktla bağlı cinayət işi başlanılıb.