Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan altı nəfərdən ikisi müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az-ın məlumatına görə, hadisə nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, 2003-cü il təvəllüdlü Sevindik Abdurəhmanov və "Chevrolet" markalı avtomobilin sürücüsü, 1990-cı il təvəllüdlü Famil Şəmiyev xəsarətlərlə xəstəxanaya hospitalizasiya ediliblər.
Hadisə nəticəsində avtomobillərdə olan dörd nəfərə isə ilkin tibbi yardım göstəriləndən sonra evə buraxılıblar.
Samir Əli
Şəki rayonunun İnçə kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan şəxslərin vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tibbi Ərazi Bölmələrini İdaretmə Birliyindən (TƏBİB) məlumat verilib.
"Şəki rayonunda baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə noyabrın 9-u saat 20:00-da Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə altı nəfər (dörd kişi, iki qadın) hospitalizasiya olunub.
Müxtəlif bədən xəsarəti alan şəxslərə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda onların müalicəsi müvafiq şöbələrdə davam etdirilir. Dörd nəfərin vəziyyəti orta ağır, iki nəfərin vəziyyəti isə ağır qiymətləndirilir", - məlumatda qeyd olunub.
Aygün Mirakif
Şəki rayonunun İnçə kəndi ərazisində yol-nəqliyyat hadisəsi baş verib və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.
Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Şəki rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.
Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, "Mercedes E220" markalı minik avtomobili ilə "Chevrolet Cruze" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib və "Mercedes"in sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb.
Xilasedicilər xüsusi vasitələrin köməyi ilə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 2003-cü il təvəllüdlü Sevindir Yamən oğlu Abdulrəhimovu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.