Ağır yol-nəqliyyat hadisəsi ailə faciəsinə səbəb olub. Hadisə nəticəsində iki qardaş həyatını itirib, qardaşlardan birinin oğlu və gəlini isə xəsarət alıblar.
Baku Tv bildirir ki, kənd sakininin sözlərinə görə, qəza gecə saat üç radələrində baş verib:
"Nəsrəddin Ağayev ağır xəstə idi, şəkər xəstəliyindən əziyyət çəkirdi və komaya yaxın vəziyyətdə olub. Onu xəstəxanaya çatdırmaq istəyərkən Tərtər rayonunun Qaradağlı kəndi yaxınlığındakı döngədə idarəetməni itiriblər. Nəsrəddin Ağayev yaxşı usta, sənətkar idi. Xəsarət alanlar onun oğlu Sənan Ağayev və gəlini Könül Aslanovadır. Hazırda onlar Gəncə şəhərində yerləşən xəstəxanalardan birində müalicə alırlar. Bu, kəndimiz üçün böyük faciədir".
Qeyd edək ki, qəza nəticəsində Goranboy rayonunun Əlirzalı kənd sakinləri - 68 yaşlı Nəsrəddin Ağayev və 55 yaşlı Yunus Ağayev həyatını itiriblər.
Sənan Ağayev və Könül Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə əvvəlcə Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, ilkin tibbi yardım göstərildikdən sonra isə Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər
Faktla bağlı araşdırma aparılır.
Tərtərdə baş verən yol-nəqliyyat hadisəsində xəsarət alanların vəziyyəti açıqlanıb.
Bu barədə Oxu.Az-a Tərtər Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, Tərtər rayonu Qaradağlı kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbi ilə xəsarət alan iki nəfər (biri kişi, biri qadın) Tərtər Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub:
"Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hər iki pasiyentə ilkin tibbi yardım göstərilib və Gəncə Beynəlxalq Xəstəxanasına göndərişlə təmin olunublar.
Hadisə nəticəsində iki nəfərin həkiməqədər ölüm faktı qeydə alınıb".
Aygün Mirakif
Tərtərdə ağır yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az APA-ya istinadla xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.
Qəza nəticəsində 1958-ci il təvəllüdlü Nəsrəddin Müzəffər oğlu Ağayev və 1971-ci il təvəllüdlü Yunus Müzəffər oğlu Ağayev ölüblər. 1991-ci il təvəllüdlü Sənan Nəsrəddin oğlu Ağayev və Könül Tərlan qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Tərtər Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar, onlara ilkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə göndəriliblər.
Faktla bağlı araşdırma aparılır.