“Facebook”un işində yaranan nasazlıq magistral marşrutlaşdırıcıların konfiqurasiya dəyişiklikləri nəticəsində baş verib. Bu barədə şirkətin mühəndislər qrupu məlumat yayıb.
“Məlumat mərkəzlərimiz arasında şəbəkə trafikini əlaqələndirməkdən məsul olan magistral marşrutlaşdırıcılardakı konfiqurasiya dəyişiklikləri əlaqələrin kəsilməsi ilə nəticələndi. Şəbəkə trafikindəki bu pozuntu, məlumat mərkəzlərimizin rabitə üsuluna təsir edib və xidmətlərimizin işini dayandırıb”, - deyə məlumatda bildirilib.
Eyni zamanda şirkət “Facebook”da, həmçinin “Instagram” və “WhatsApp”da yaranan problemlərə görə istifadəçi məlumatlarının yayılmadığını deyib.
Xatırladaq ki, “Facebook”, “Instagram”, “WhatsApp” və şirkətə məxsus bir sıra digər tətbiqlər bazar ertəsi günü təxminən yeddi saat ərzində istifadəçilər üçün əlçatmaz olub.
“Facebook” üçün bu, tarixinin ən böyük nasazlığı olub. Davam edən hadisələr fonunda sosial şəbəkənin aksiyaları təxminən beş faiz ucuzlaşıb, şirkətin qurucusu Mark Zukerberg isə təxminən yeddi milyard dollar pul itirib.
Mənbə: “RİA Novosti”
Rəylər