Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
59 yaşında dünya çempionu olan azərbaycanlı: Toya, yasa getmirdim
İndiki müsahibimiz çox idmançıya örnək ola biləcək insandır. 59 yaşı var. Amma gənclik illərində olduğu kimi idmandan ayrı qalmayıb. Hətta deyərdim ki, veteran kimi çıxış etdiyi cüdo turnirlərində daha çox medal qazanıb.
Cüdo ailəsindən çıxıb. Qardaşları Əhməddin, Məmməd, Əhəd cüdoçu olub. Həmçinin qardaşı oğulları Zaur, Elxan, qardaşı nəvələri Cəsur, Şamil, Ömər və oğlu Murad da cüdo ilə məşğuldur. İdmana onu Əməkdar məşqçi, Fəxri Bədən Tərbiyəsi və İdman Xadimi və “Tərəqqi” medalı ilə təltif edilmiş böyük qardaşı Əhməddin gətirib. İlk dəfə beynəlxalq yarışda Azərbaycana cüdoda medalı gətirən də o olub.
Beləliklə, Oxu.Az dəfələrlə Azərbaycan çempionu, SSRİ çempionatlarının mükafatçısı, veteranlar arasında səkkizqat dünya çempionu, altıqat Avropa çempionu Fərhad Rəcəblinin müsahibəsini təqdim edir.
– İdmana gəlişiniz necə olub? Bir bu anları xatırlayaq...
– Böyük qardaşım Əhməd məni 1971-ci ildə samboya qoydu. O vaxt hələ keçmiş SSRİ-də cüdo yox idi. Daha sonra məni sərbəst güləşə göndərdi. Dörd aydan sonra yenidən sambo ilə hazırlaşmağa başladım. 1972-ci ilin sonlarında SSRİ-də Cüdo Federasiyası yarandı. 1973-cü ilin martından Sumqayıtda cüdo bölməsi açıldı. O bölmənin ilk tələbələrindən biri mən olmuşam. Elə o vaxtdan bəri arası kəsilmədən cüdo ilə məşğulam.
– 1978-ci ildə Macarıstanda keçirilən gənclər arasında Avropa çempionatında bürünc medal qazandınız. Bununla da Azərbaycana bu idmanda ilk medalı qazandıran idmançı olmusunuz...
– Bəli. Noyabrda bu hadisənin qırx ili tamam olur... Onu qazananda 19 yaşım vardı. Həmçinin bu, ilk çıxış etdiyim beynəlxalq turnir idi. Daha tez beynəlxalq turnirdə çıxış edə bilərdim. Amma sənədlərimi yubatdılar. O vaxt səfərə çıxanda SSRİ-də yarım il əvvəldən sənəd yığırdılar.
– Deməli, Meksikada bu ay dünya çempionu olmaqla özünüz-özünüzə həmin hadisənin qırx illiyinə hədiyyə etdiniz...
– Elədir. Bundan əvvəl iyunda Şotlandiyanın Qlazqo şəhərində Avropa çempionu da olmuşdum.
– İdmançı kimi nəticələriniz necə olub?
– Gənclər arasında iki dəfə SSRİ çempionu olmuşam, iki dəfə gümüş medal qazanmışam. Böyüklər arasında isə 1981-ci ildə SSRİ üçüncüsü, 1988-ci ildə isə SSRİ ikincisi olmuşam. Ümumiyyətlə, SSRİ çempionatlarında azərbaycanlı idmançılar cəmi dörd medal qazanıb. Bunlardan ikisi Nazim Hüseynovun aktivindədir. O iki dəfə SSRİ-nin bürünc medalını qazanıb. Daha sonra Moldovanın paytaxtı Kişinyovda beynəlxalq turnirin qalibi olmuşam. Həmçinin Kubadakı turnirdə ardıcıl iki dəfə gümüş medal qazanmışam. Rumıniyada bir turnirin və İtaliyada Qran Prinin də qalibi olmuşam. Sonuncu turnirdə qalib olanda SSRİ-nin beynəlxalq dərəcə ustası adı mənə verildi.
– Veteranlar arasında turnirə nə vaxtdan başladınız?
– 2002-ci ildən bu turnirlərdə iştirak edirəm. Səkkiz dəfə dünya çempionu olmuşam, dörd dəfə ikinci, üç dəfə isə üçüncü yeri tutmuşam. Avropada isə altı dəfə çempion olmuşam, üç dəfə ikinci və üç dəfə üçüncü yerə çıxmışam.
– Avropa çempionluğunuz dünyadan azdır. Buna səbəb nədir?
– Avropa çempionatlarına arada az getmişəm. Çünki bu yarışlar ilk olaraq dünya çempionatlarından başladı. Sonra Avropa çempionatları da keçirildi.
– Bu yarışlara hansı xətlə gedirsiniz?
– Son üç ildir ki, federasiya xətti ilə gedirəm. Əvvəl isə öz hesabıma gedirdim.
– Bildiyim qədəri ilə səkkiz il SSRİ yığmasının üzvü olmusunuz. Amma yığmaya azərbaycanlıların götürülməsində ayrı-seçkiliyə yol verilirdi. Daha çox ruslar götürülürdü, ya necə?
– Daha çox ruslar aparılırdı. Həm də SSRİ yığmasının baş məşqçisi ya “Dinamo”, ya da Moskva MOİK-indən olurdu. Onlar da öz idmançılarını yığmaya salırdılar. Bundan başqa, məşqçilərin maddi maraqları olurdu. Pul da verən olurdu. Bir də görürdün ki, gürcülər dolu çanta ilə gəlib (gülür).
– Bəs bizimkilərdə vermək üçün kürü çatışmırdı?
– Bizdə bu işləri bilən yox idi. Daha sonra bilmişik ki, yığmaya düşmək üçün belə şeylər etmək lazım imiş. SSRİ-də haqsızlıqlar çox olub. Gənclər arasında SSRİ çempionatının finalında latviyalı idmançı ilə görüşürəm. Onun müəllimi də yarışın baş hakimidir. Atdığım yeddi fənddən ikisinə qiymət verildi. Düzdür, o görüşdə qalib gəldim, amma məni uduzdurmaq istəyirdilər.
Bir şey də var ki, bizim o vaxt keçdiyimiz məktəbi indiki cüdoçular keçməyib.
– Sovet dönəmində qarşılaşdığınız idmançılarla sonradan veteran olaraq tatamidə güləşdiyiniz olubmu?
– Məndə olmayıb. Amma başqa veteranlarımızda olub.
– Çəkinizi heç vaxt azaltmamısınız. Neçə kilo olmusunuzsa, elə də döyüşmüsünüz. Bu nədən irəli gəlir?
– Çəkini qəsdən azaltmaq və ya artırmaq düzgün deyil. Özünə ziyan vurursan. Görürsən ki, gənclər yarışlar üçün 7-8 kq çəki azaldırlar. Rəqiblərə görə çəkini azaltmaq düzgün deyil. Mən SSRİ-də 72, 78 və 86 kq-larda yer tutmuşam. Çəkimi heç vaxt azaltmamışam. Veteranlarda hazırda 90 kq-da yarışıram.
– Demək olarmı ki, sizdən sonra dünya çempionatında iştirak edən vetaran idmançılarımızın sayı artdı?
– İlk dəfə 2002-ci ildə Şimali İrlandiyada keçirilən dünya çempionatına tək getmişəm. Orda bürünc medal qazandım. 2003-də də tək olmuşam. 2004-cü ildə qardaşım oğlu ilə getmişəm. 2005-də Elçin İsmayılovla ikimiz Azərbaycanı təmsil etmişik. 2006-cı ildən sayımız artdı. Azərbaycan Cüdo Veteranlar Assosiasiyasının prezidenti Azər Əsgərov da bizimlə getdi. Bundan sonra idmandan aralanmış keçmiş cüdoçular idmana qayıtdılar. Kimisi klub açdı, kimisi zal tikdi. Sonuncu Avropa çempionatında 36, dünya çempionatında isə 13 veteran idmançı ilə təmsil olunduq. 13 nəfərdən ikisi çempion oldu, ikisi gümüş, biri bürünc medal qazandı.
– Milli komandada sizin yetirmələrinizdən var?
– Son illər sırf veteranlarla işləyirəm. Veteran millimizin həm idmançısı, həm də baş məşqçisi sayılıram. Ona görə də tələbələrim yoxdur.
– Səbəb nədir? Gənclərin kaprizləri onlarla işləməyinizə mane olub?
– Yox. Bununla əlaqəli deyil. Sadəcə olaraq, bizdə yeniyetmə və gənclər millilərinin öz məşqçiləri var. Elə alındı ki, mən də veteranları çalışdırası oldum.
– Çıxışlarınız zamanı başınıza gələn maraqlı əhvalat olubmu?
– 1985-ci ildə SSRİ-də qanun çıxdı ki, 25 yaşdan yuxarı güləşməyə icazə yoxdur. Məqsəd guya gənc cüdoçuların sayını artırmaq idi. Mən də belə olub, cüdoda idmançı karyeramı başa vurub məşqçiliyə başladım. 1988-də bu qanun ləğv ediləndə respublika birinciliyində 29 yaşda tatamiyə idmançı kimi qayıtdım və Rasim Ağamirova uduzub II yeri tutdum. Bir ay sonra Qazaxıstanın Alma-Ata şəhərində SSRİ çempionatına qatıldım. Gürcü hakim məndən soruşdu ki, hansı idmançını yarışa gətirmisən? Dedim ki, özüm gəlmişəm, təəccübləndi. Sən demə, bu hakimin də idmançısı Tetradze burda yarışırmış. Onu yarımfinalda uddum. Finalda isə üçqat Avropa çempionu olan belaruslu Vitali Pesnyakla heç-heçə etdim. Yəni, üç il güləşməsəm də, gəlib SSRİ çempionatının gümüş medalını qazana bildim. Halbuki azərbaycanlı gənclərimiz yer tuta bilmədi.
– Bakıda keçirilən cüdo üzrə dünya çempionatında iki medal qazandıq. İdmançılarımızın çıxışını necə dəyərləndirirsiniz?
– O qədər də zəif çıxış etdilər deməzdim. Belə götürdükdə, Azərbaycan dünya çempionatlarında əvvəl də çox medal qazana bilməyib. Məşhur cüdoçularımızın sayı çox deyil. Bundan əvvəlki dünya çempionatında dörd medal qazansaq da, əvvəlkilərdə yaxşı nəticələrimiz olmayıb. Həm də evdə çıxış edəndə təzyiq çox olur. İki medalla komanda yarışında V yeri tutduğumuzu nəzərə alsaq, nəticəmiz o qədər də zəif adlandırıla bilməz...
– Amma elə cüdoçularımız vardı ki, biz onlardan medal gözləyirdik...
– Bu, idmandır. Elə cüdoçularımız olur ki, çox çəki salır. Mən də 15 kq çəki sala bilərəm, amma sonra bunun arxasında durmaq lazımdır. Adamın fikri çəki salmaqda, az yeməkdə qalır, döyüşə köklənə bilmir.
– Siz səkkiz dəfə dünya çempionu olmuş şəxs kimi cavab verin. Cüdoda Elnur Məmmədli Olimpiya çempionu olsa da, ardı gəlmədi. Niyə bizdə ikiqat Olimpiya çempionu olan yoxdur? Bunu nə ilə əlaqəli görürsünüz?
– Olimpiya idmanın ən yüksək zirvəsidir. Orda bir dəfə çempion oldunsa, artıq həmin idmançı məqsədinə çatıb deməkdir. Cüdoda iki dəfə Olimpiya çempionu olan 5-6 nəfərdirsə, üçqat Olimpiya çempionu cəmi bir nəfərdir. İkinci dəfə Olimpiya çempionu olmaq bir az çətindir. Bəzən elə zədələr olur ki, adam əvvəlki kimi iştirak edə bilmir. Bəzən mən zədəmə görə tamamilə texnikamı dəyişməli olmuşam. Məsələn, belimdə zədə olmayana kimi bedro fəndindən çox istifadə edirdim. Zədədən sonra o fəndi unutmağa çalışdım.
– Üç övladınız var. İki qız və bir oğlan. İdmanla məşğul olanı var?
– Qızlarımın idmanla məşğul olmasını istəmirəm. Hesab edirəm ki, idman qız üçün deyil. Uzaq başı qızlar idmanla iki-üç il həvəskar səviyyədə voleybol və ya gimnastika ilə məşğul ola bilər. Oğlum isə həm sambo, həm də cüdo üzrə Azərbaycan çempionudur. Millidə də olub.
– Sizin yolunuzu davam etdirəcək o potensialı oğlunuzda görürsünüz?
– Nəticələrlə çətin görünür. Amma bəlkə veteranlarda davam etdirə (gülür). Gələn il otuz yaşı olacaq. O da düşür veteranlara... Yeri gəlmişkən, veteranlarda ən zəif kateqoriya 30-34 yaşlılar sayılır. Onlar peşəkar cüdodakı kimi döyüşürlər. Mən 50-59 yaşlılar olan M-6 kateqoriyasında güləşirəm. Gələn il 60 yaşım olacaq və M-7 kateqoriyasına keçəcəyəm. Hətta veteranlarda 80 yaşdan yuxarı güləşənlər də var. Amma təbii ki, yaş kateqoriyası artdıqca idmançıların sayı da azalır. Veteranların yarışlarını keçirməkdə məqsəd odur ki, onlar itməsin, içkiyə, nəşəyə qurşanmasınlar. Mən də bütün işimi cüdoya həsr etmişəm. Bildiyim başqa iş yoxdur. Bu mənim həyat tərzim, hobbidir.
– İdmançılara məsləhətiniz nədir?
– Böyük idmanda çempion olmaq üçün bütün fikrini cüdoya verməlisən. Məni qohumlarım üzdən görə bilmirdi, yalnız qəzetlərdə adımı oxuyurdular. Nə toya, nə yasa, nə ad gününə gedirdim. Ancaq idmanla məşğul olurdum. Belə olan halda nəticə də gələcək.
Səbuhi MUSAYEV, FOTO: Ramil Zeynalov
www.oxu.az
Rəylər