Aprelin 28-də Bakıda dünyanın ən nüfuzlu idman yarışlarından biri - “Formula-1” Azərbaycan Qran-prisi start götürür.
“Formula-1”in builki yarışması da izləyicilərə maraqlı anlar vəd edir.
“Formula-1” üzrə dünya çempionatının növbəti mərhələsi – Azərbaycan Qran-prisi çərçivəsində aprelin 28-30-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə klassik avtomobillərin sərgisi təşkil olunacaq. “Formula-1”in fan zonasında keçirilən sərgidə müxtəlif illərə aid klassik avtomobillər nümayiş etdiriləcək.
“Formula-1” günlərinə rəng qatacaq daha bir tədbir aprelin 29-da Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə yeniyetmələr arasında keçiriləcək Bakı Kartinq Turniri olacaq. Turnirdə 10-16 yaş arasında 12 pilot iki mərhələdə - kvalifikasiya və final mərhələlərində bacarıqlarını sınayacaqlar. Finalda qalib gələnlər müxtəlif hədiyyə və sertifikatlar ilə mükafatlandırılacaqlar.
AAF-ın avtomobil həvəskarlarına daha bir sürprizi aprelin 30-a təsadüf edəcək. Belə ki, “Formula 1”in yarış halqasında (trek) böyük maraqla qarşılanan klassik avtomobillərin yürüşü təşkil olunacaq. Yürüşdə 30-a yaxın klassik avtomobil iştirak edəcək.