Todd Bouli "Çelsi" klubunun sədrliyindən ayrılıb.
Oxu.Az klubun rəsmi açıqlamasına istinadən xəbər verir ki, Bouli və Mark Valterin klubdakı payları "Clearlake Capital"a satılıb və bununla da şirkət "Çelsi" üzərində tam nəzarəti əldə edib.
Bouli ayrılığı ilə bağlı açıqlamasında "Çelsi"nin sədri kimi fəaliyyət göstərməyin onun üçün şərəf olduğunu bildirib. O, klubun gələcəyinin təmin olunmasına töhfə verən Premyer Liqaya, məşqçilərə və futbolçulara, klubun rəhbərliyinə və əməkdaşlarına, eləcə də azarkeşlərə təşəkkür edib.
Amerikalı biznesmen "Clearlake" və digər səhmdarlarla əməkdaşlığını yüksək qiymətləndirdiyini, klubun qısamüddətli və uzunmüddətli uğuru üçün qəbul edilən qərarlardan və yatırımlardan məmnun olduğunu qeyd edib.
Qeyd edək ki, Bouli və "Clearlake" rəhbərliyindəki konsorsium 2022-ci ildə "Çelsi"ni Roman Abramoviçdən satın almışdı.