Hyustonda yerləşən Azərbaycan mədəniyyət mərkəzində azərbaycanlı şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunmuş həvəskar turnir keçirilib.
Oxu.Az AzərTac-a istinadən bildirir ki, turnirdə müxtəlif yaş kateqoriyasına aid olan amerikalı həvəskar şahmatçılar iştirak ediblər. İştirakçıların əksəriyyəti azərbaycan diasporunun nümayəndələri, eləcə də digər ölkələrdən olan həvəskarlardan ibarət olub.
Turnirin açılışında Vüqar Həşimova həsr edilmiş film göstərilib. İştirakçılar qrossmeysteri bir dəqiqəlik sükutla yad ediblər.
Turnirin qalibi və kubokun sahibi Texas Universitetinin tələbəsi Anar Ömərov olub.
Qaliblə eyni xal toplayan, amma əlavə göstəricilərə görə geri qalan digər üç iştirakçı isə pul mükafatları alıb.
Turnir Amerikada yaşayan azərbaycanlılar, Hyuston-Bakı şəhərlər Assosiasiyası və Hyustonda yaşayan azərbaycanlılar tərəfindən təşkil edilib.
Bu turnirin hər il keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, dünyasını dəyişən Vüqar Həşimovun 40 mərasimi fevralın 22-də keçiriləcək. Bu barədə mərhum şahmatçının qardaşı Sənan Həşimov Facebook-da yazıb.
Sənan Həşimov yazıb ki, həmin gün “Təzəpir” məscidində ehsan veriləcək.
Saat 11.00-dan 14.00-dək qadınlar, saat 14.30-dan sonra isə kişilər mərasimdə iştirak edə bilərlər.