Texas polisi "Formula-1" üzrə dünya çempionatının keçmiş pilotu, braziliyalı Antonio Pizzoniyanı həbs edib.
Oxu.Az-ın "Formula Passion" portalına istinadən verdiyi məlumata görə, Pizzoniya bir şəxsə hücum etdiyinə görə saxlanılıb.
Hadisə pilotun oğlunun iştirak etdiyi kartinq yarışından sonra baş verib. Pizzoniya ilə digər yarışçı uşağın atası arasında mübahisə yaranıb və bu mübahisə dava ilə nəticələnib. Pizzoniya girov müqabilində sərbəst buraxılıb.
Qeyd edək ki, 45 yaşlı Antonio Pizzoniya 2003-2005-ci illər arasında "Jaguar" və "Williams" komandalarında "Formula-1" yarışlarında iştirak edib. Braziliyalı pilot heç vaxt fəxri kürsüyə yüksələ bilməyib. Onun karyerasında ən yaxşı nəticəsi 2004-cü ildə Almaniya Qran-prisində qazandığı 7-ci yer olub.
Pizzoniyanın "Formula-1" karyerası qısa olsa da, o, Braziliya avtoidmanında tanınmış simalardan biri hesab olunur. "Jungle Boy" ləqəbi ilə tanınan Pizzoniya F1-dən əvvəl və sonra müxtəlif yarış seriyalarında, o cümlədən "ChampCar", GP2 və "A1 Grand Prix" kimi çempionatlarda da iştirak edib.