ABŞ-də üç yaşlı Nevada adlı uşağın futbol meydançasında rəqiblərindən üstün oyun sərgiləməsi digər uşaqların valideynlərinin narazılığına səbəb olub. İddialara görə, hadisədən sonra əraziyə polis çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə uşağın atası sosial şəbəkə hesabında məlumat verib.
Atanın sözlərinə görə, Nevada hər həftə rəqiblərini topsuz qoyub. Bu isə qarşı tərəfin bəzi valideynlərinin etirazına səbəb olub.
"Liqa Nevadaya görə onu yarışdan kənarlaşdırdı, çünki hər həftə heç kim onun ayağından topu ala bilmirdi. Rəqib komandanın bəzi uşaqlarının valideynləri bunu ədalətsiz hesab etdilər. Halbuki onun cəmi üç yaşı var və o özündən iki yaş böyük uşaqlarla oynayır", - deyə atası bildirib.
Valideynlərin iddiasına əsasən, Nevada rəqiblərini mütəmadi olaraq geridə qoyur, topa uzun müddət nəzarət edir və digər uşaqlara topu ələ keçirmək imkanı vermirdi. Bu vəziyyət "i9 Sports" liqasının rəhbərliyinin müdaxiləsinə səbəb olub.
Atasının meydançanı tərk etmək tələbinə əməl etməməsindən sonra əraziyə polis əməkdaşlarının çağırıldığı bildirilir. Uşağın valideynləri hadisə zamanı polislə söhbətlərinin videosunu da paylaşıblar.
Nevadanın anası polisə bildirib ki, ailəsi münaqişələrin qarşısını almaq üçün adətən digər valideynlərdən ayrı dayanaraq oyunları izləyir. Lakin bu dəfə böyüklər uşağın oyununu müzakirə etmək üçün bir yerə toplaşıblar.
Hadisə peşəkar futbolçuların da diqqətini çəkib. ABŞ millisinin sabiq üzvü Eddi Conson baş verənləri tənqid edərək, bu cür halların uşaq idmanında yolverilməz olduğunu bildirib.