“DÇ-2026”-nı təşkil etmək istəyən daha bir namizəd müraciət edib, bu barədə aprelin 10-da rəsmi olaraq elan edilib.
Oxu.Az “Avrosport”a istinadən xəbər verir ki, 9 ildən sonra keçiriləcək mundialı keçirməyə iddialılar arasına ABŞ, Meksika və Kanada da müraciət edib. Hər üç Şimali Amerika ölkəsi turniri birlikdə təşkil etmək istəyir.
Həmin il təşkil olunacaq dünya çempionatında ilk dəfə 48 komanda iştirak edəcək. 48 oyun qrup mərhələsində, 32 qarşılaşma isə finallarda olmaqla cəmi 80 matçın oynanılacağı yarışa təşkilatçılıq etmək üçün ABŞ dövləti də tam dəstək göstərib.
Sonuncu dəfə Şimali Amerikada dünya çempionatı 1994-cü ildə ABŞ-da təşkil olunub. Kanada heç vaxt mötəbər turnirə ev sahibliyi etməyibsə, Meksika daha əvvəl 1970 və 1986-cı illərdə iki dəfə mundialı təşkil edib.
Daha öncə, bu çempionata İngiltərə, Qazaxıstan, Türkiyə və Azərbaycan, həmçinin Avstraliya və Yeni Zelandiya birgə ev sahibliyi etmək üçün müraciət etmişdi. Xatırladaq ki, dünya çempionatı 2018-ci ildə Rusiyada, 2022-ci ildə isə Qətərdə keçiriləcək.
N.О.
www.oxu.az