AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.
Oxu.Az xəbər verir ki, bu barədə AFFA-nın Mətbuat Xidməti açıqlayıb.
"Neftçi" İK-nın futzalçısı Emin Həsənzadənin barəsində verilən qərardan şikayəti təmin edilməyib. Futzal üzrə Yüksək Liqanın "Şuşa" ilə matçında təcavüzkar davranış səbəbindən birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün dörd oyunluq cəzalanan futzalçı ilə bağlı qərar dəyişməz qalıb.
"Şəfa"nın futbolçusu Ebru Əmirova barəsində verilən qərardan şikayəti də təmin olunmayıb. U-15 Qızlar liqasının 1/4 final mərhələsinin "Ümid"lə matçında rəqib komandanın rəsmi şəxsini təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan futbolçunun dörd oyunluq diskvalifikasiyası qüvvədə saxlanılıb.
"Şamaxı"nın şikayəti qismən təmin olunub. U-15 Liqasının "Metak"la oyununda adı protokolda qeyd edilməyən, lakin qeydiyyatda olan məşqçi Vüqar Süleymanovun meydana daxil olaraq rəqibin bir neçə azyaşlı futbolçusunu yumruqla vurduğuna görə bir il müddətinə futbolla bağlı hər hansı fəaliyyətdən məhrum edilməsi, müstəsna hal olaraq 500 manat cərimə edilməsi, komandanın növbəti ev oyununu azarkeşsiz keçirilməsi barəsində qərar ləğv olunub. Hadisəyə düzgün hüquqi qiymət verilməsi üçün İntizam Komitəsinə qaytarılıb.
AFFA bu cəzanı verərkən məşqçiləri qarışdırıb. Belə ki, matçın hakimi azyaşlıları vuran məşqçinin adını protokola səhv qeyd edib. Nəticədə İntizam Komitəsi yanlış olaraq Vüqar Süleymanovu cəzalandırıb. Futbolçulara qarşı intizamsız hərəkət edən isə başqa məşqçi olub.