AFFA Rusiya Futbol İttifaqına (RFS) etiraz məktubu göndərib.
Oxu.Az xəbər verir ki, Milli Assosiasiyanın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlunun Report-a verdiyi məlumata görə, rəsmi etiraz Rusiya II Liqasının Mərkəz zonasında VIII turun "Ararat" - "Ryazan" oyunu zamanı Dağlıq Qarabağdakı separatçı rejimin "bayrağ"ının nümayiş etdirilməsi ilə əlaqədar bildirilib.
M.Nərimanoğlu deyib ki, məktubda fakt qəti şəkildə pislənilib və RFS-dən faktla əlaqədar tədbir görülməsi xahiş olunub.
Qeyd edək ki, ermənilərə məxsus komandanın fanatları "Ryazan"la oyun zamanı tribunada Ermənistan və qondarma qurumun bayraqlarını yanaşı asıblar. Halbuki, FİFA və UEFA-nın müəyyənləşdirdiyi qaydalara əsasən, oyunlar zamanı tanınmamış respublikaların bayraqlarının stadionlara keçirilməsi qadağandır.

E.Ə.
www.oxu.az