Cüdo üzrə milli komandamızın üzvü, 48 kq-da Azərbaycanı təmsil edəcək Aişə Qurbanlı iyunun 25-də Bakı-2015 Avropa Oyunlarında ilk görüşünü keçirəcək.
Oxu.Az xəbər verir ki, o, yarışdan öncə fikirlərini "Qafqazinfo" ilə bölüşüb. Aişənin müsahibəsini təqdim edirik:
- Avropa Oyunları haqqında fikirləriniz necədir?
- Təbii ki, hamımız həyəcanlıyıq. Doğma arenada belə bir yarış təşkil olunur. Bu bizim üçün də böyük məsuliyyətdir. Bu böyük yarışdan üzüağ çıxmağa çalışacağıq.
- Bakıya gələn cüdoçulardan kimlər ən çox diqqət çəkir?
- Ümumiyyətlə idmanda zəif rəqib yoxdur. Fikrimcə, çətin olacaq. Bütün idmançılar medal qazanmaq üçün gəliblər.
- Sizin üçün ən çətin rəqiblər kimdir?
- Rəqibin güclüsü-zəifi olmaz. Bilirsiz, hansısa rəqibə yuxarıdan-aşağı baxmaq olmaz. Çünki elə olur ki, güclü idmançını udursan, zəifə uduzursan. Ona görə də indidən heç nə deməyək. Ümid edirəm ki, yaxşı olacaq.
- Qızıl medal gözləyirsiz, yoxsa başqa medallar da uğur sayılacaq?
- Fikrim medal qazanmaqdır. Fərqi yoxdur ki, bu qızıl, gümüş və ya bürünc olacaq. Uğur istənilən halda, uğurdur.
- Avropa Oyunlarındakı nəticələr sizin gələcək karyeranıza təsir edəcək?
- Əlbəttə ki, edəcək. Əgər Avropa Oyunlarında medal qazana bilməsəm, karyeramı başa vuracam.
- Nə üçün karyeranızı başa vuracaqsız?
- Çünki 11 ildir ki, idmandayam. Böyük uğur qazanmaq istəyirəm. Bunu etsəm, hər şey yaxşı olacaq. Qazana bilməsəm, deməli, məndə alınmır. Ona görə də karyeramı başa vuracam.
- Əgər qazana bilsəniz, hədəfiniz nə olacaq?
- 2016-cı ildə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına qatılıb uğur qazanmaq.
- Ümumiyyətlə cüdo komandamızda kimlərdən medal gözləyirsiz?
- Kifayət Qasımova və özümdən (gülür).
- Kişilərin yarışında?
- Orxan Səfərov, Rüstəm Orucov və Elxan Məmmədovdan.